Oktyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Resursları Mərkəzində görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin 150 və görkəmli türkoloq-dilçi alim, akademik Məmmədağa Şirəliyevin 105 illik yubileylərinə həsr olunan “Sələflər və xələflər” birinci beynəlxalq simpoziumu işə başlayıb.
Konfransın açılış mərasimində Beynəlxalq tədbirin məqsəd və əhəmiyyəti barədə məlumat verilib.
Bildirilib ki, “Sələflər və xələflər” Beynəlxalq simpoziumunun əsas məqsədi türk dünyasının görkəmli dilçilərini yeni nəslə tanıtmaq, türk dünyasının müxtəlif nəsillərdən olan nümayəndələrini, xüsusilə gənc dilçilərini bir araya gətirmək, onları sələflərin elmi irsi ilə tanış etmək, xələflərlə görüşdürmək, eyni zamanda, təcrübə mübadiləsi aparmaq, milli dəyərləri, elmi nailiyyətləri dünyaya təqdim etmək imkanı yaratmaq, beynəlxalq əməkdaşlığı genişləndirməkdir.
Beynəlxalq tədbirdə 12-dən çox xarici ölkədən, o cümlədən Türkiyə, Qazaxıstan, Polşa, Albaniya, Ukrayna, Əfqanıstan, Özbəkistan, Böyük Britaniya və Bolqarıstandan olan nümayəndələr iştirak edirlər.
Simpoziumun bölmə iclaslarında dilçiliyin müxtəlif sahələrini əhatə edən 90-dan artıq məruzənin dinləniləcəyi nəzərdə tutulur. Tədbirdə Azərbaycanın tanınmış alimləri ilə yanaşı, gənc nəslin nümayəndələri də elmi məruzələrlə çıxış edəcəklər.
Beynəlxalq simpozium oktyabrın 24-də başa çatacaq.
azertag.az