“Azərbaycanın səs irsi” elektron bazası yaradılmışdır
27.8.2011

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının fondunda saxlanılan köhnə, cızılmış və sıradan çıxmaqda olan vallar CD disklərə köçürülür.
Kitabxanadan bildirilmişdir ki, bu işləri həyata keçirmək üçün bu mədəniyyət ocağında “Azərbaycanın səs irsi” elektron bazası yaradılmışdır. Artıq Azərbaycan klassik musiqiçilərinin 500-ə yaxın əsəri CD-lərə köçürülmüşdür. Disklərin təqdimatı sentyabr ayında olacaqdır. Bu layihə çərçivəsində “Azərbaycanın səs irsi” adlı kataloq da buraxılmışdır. Kataloq Azərbaycan Milli Konservatoriyasına, musiqi məktəblərinə, mütəxəssislərə göndəriləcəkdir.
Həmçinin kitabxanada Azərbaycan ədəbiyyatının arxivi şöbəsində olan nadir kitabların elektron versiyası da yaradılmışdır. Yaxın vaxtlarda elektron layihə geniş ictimaiyyətə təqdim olunacaqdır.