Azərbaycanda şəxsi evlərin tikintisi üçün kreditlər ayrılacaq
2.4.2012

Azərbaycanda əhaliyə şəxsi mənzil tikintisi üçün kreditlərin verilməsi gözlənilir.

Bu barədə Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib.

Qeyd edək ki, bu məsələ bir qədər əvvəl Azərbaycan Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında imzalanmış 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişdə nəzərdə tutulur. Adı çəkilən sənəddə ölkə vətəndaşlarına şəxsi ev tikintisi üçün torpaq sahəsinin ayrılması prosesinin sadələşdirilməsi məsələsi də əksini tapıb.

HİK sədri bu məsələnin ölkə əhalisinin mənzil şəraitinin yaxşılaşdırılması baxımından mühüm olduğunu bildirib: «Əgər hökumət sosial vəziyyəti və ya mənzil şəraiti ağır olan insanlara ev tikib verə bilmirsə, onlara heç olmasa torpaq sahəsi ayrılsın və güzəştli kredit verilsin ki, onlar öz mənzil şəraitlərini yaxşılaşdıra bilsinlər».

Hökumətin bu təklifi normal qarşıladığını bildirən S.Mehbalıyevin sözlərinə görə, hazırda bununla bağlı işlər aparılır. Bu mexanizmin işə düşməsi üçün normativ sənədlər hazırlanmalıdır, sənədlər qəbul olunandan sonra yerli icra hakimiyyətlərinə göstərişlər verilməlidir: «Biz bu məsələni hər üç aydan bir hökumət və ASK ilə müzakirə edəcəyik. Çalışacağıq ki, bu işi hazırkı sazişin qüvvədə olduğu dövrdə, 2012-2013-cü illər ərzində yerinə yetirək».

APA