Ortaq türk dilinin yaradılması istiqamətində çalışan mütəxəssislər bu ilin sonuna kimi Türkiyədə yenidən görüşəcəklər. Bunu ortaq türk dilinin yaradılması ilə bağlı təşkil olunan işçi qrupunun üzvü, Türkiyənin Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalın deyib.
O qeyd edib ki, mütəxəssislər qrupu hər il iki ölkədə toplaşırlar. Son görüş Qazaxıstanda olub. Türkiyədə olacaq növbəti görüşdə əsas müzakirə mövzusu ortaq kompüter terminlərinin yaradılması olacaq.
Hazırda ortaq türk dilində bütün sahələr üzrə vahid terminlərin yaradılmasını daha vacib sayan H.Akalın bildirib ki, artıq informasiya sahəsi üzrə 1300 ortaq termin yaradılıb: “Türk dilində oxşar sözlər çoxdur. Amma ortaq türk dilini pozan əsas kəlmələr son 150 il ərzində dilimizə fransız, rus və alman dillərindən daxil olan alınma sözlərdir. Buna görə də ortaq terminlər yaradılmalıdır”.
H.Akalın deyib ki, ortaq türk terminlərini hər bir ölkədə fəaliyyət göstərən terminologiya komitələrinin birgə işbirliyi sayəsində yaratmaq olar. Bu halda ortaq türk dili ilə bağlı çox önəmli bir addım atıla bilər. O, türkdilli ölkələr üçün ortaq qəzetin yaradılmasını da təklif edib.
Professor bildirib ki, ortaq türk dili yeni bir dilin yaranması demək deyil: “Bu, bir ünsiyyət dili olacaq. Yəni hər kəs yenə də öz dilində danışacaq, amma türkdilli ölkələrin alimləri, mütəxəssisləri, dövlət adamları bir yerə toplaşdıqda başqa xarici dildə - ingilis və ya rus dilində danışmayacaqlar”.
trend.az