Avropa çempionatına yollanan Azərbaycan ağır atletlərinin adları açıqlandı
2.4.2012

Aprelin 6-16-da Türkiyənin Antalya şəhərində keçiriləcək ağırlıqqaldırma üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandalarının heyəti açıqlanıb. Kişi idmançıların yarışında ölkəmiz 5 atletlə təmsil olunacaq.

Baş məşqçi Nizami Paşayev qitə birinciliyində Valentin Xristov (56 kq), Sərdar Həsənov, Əfqan Bayramov (hər ikisi 69 kq), Namiq Cəlilov (85 kq) və İntiqam Zairova (94 kq) şans verəcək.

Qadınların yarışında isə təmsilçilərimizdən Silviya Angelova (48 kq), Boyanka Kostova (58 kq), Alyona Kirilova (69 kq) və Yuliya Dovqal (+75) podiuma çıxacaqlar. Yarış London-2012-yə lisenziya xarakteri daşıdığından kişilərlə müqayisədə, zərif cinsin nümayəndələrindən ibarət yığmamız üçün xüsusi əhəmiyyət daşıyacaq. Çünki kişilərdən ibarət millimiz 5 lisenziya qazandığı halda, qadınlardan ibarət komandamız hələlik bu arzularını reallaşdıra bilməyiblər. Onlar Londona bilet sifariş vermək üçün ilk “altılıq”da qərarlaşmalıdırlar.

Qeyd edək ki, Avropa çempionatında həmyerlimiz Vahid Nəzərov Azərbaycanı hakim kimi təmsil edəcək. O, həmçinin aprelin 6-7-də keçiriləcək hesabat-seçki konfransında müstəqil referi kimi Avropa Ağır Atletika Federasiyasının Texniki Komitəsinə öz namizədliyini verəcək.

APA