Cabbar Qaryağdıoğlunun adını daşıyan uşaq musiqi məktəbinin yeni binası istifadəyə verilib FOTOLAR
30.10.2014

Oktyabrın 29-da Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Cabbar Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbi üçün yeni inşa edilmiş binanın açılışı olub.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, incəsənət xadimləri, paytaxtın musiqi təhsili müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva görkəmli sənətkarın adının əbədiləşdirildiyi musiqi məktəbinin yeni binasının istifadəyə verilməsini mədəni ictimaiyyət üçün əlamətdar hadisə kimi dəyərləndirib.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə paytaxtımızda və regionlarda mədəniyyət ocaqlarının yenidən qurulduğunu və inşa edildiyini diqqətə çatdıran nazir müavini bu sahəyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib. O, əminliklə vurğulayıb ki, musiqi məktəbində yaradılan şərait burada təhsil prosesinə də müsbət təsirini göstərəcək.
Açılış münasibətilə hər kəsi təbrik edən S.Məmmədəliyeva inşaatçılara təşəkkürünü bildirib və şagirdlərə gələcək müsabiqələrdə uğurlar arzulayıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Emil Abbasov yeni məktəbin istifadəyə verilməsini rayon ictimaiyyəti üçün önəmli hadisə kimi dəyərləndirib və bu faktın mədəniyyətimizə dövlət qayğısının daha bir göstəricisi olduğunu deyib.

Təhsil ocağının direktoru Əfrasiyab Dadaşov çıxışında məktəbin tarixinə qısa nəzər salaraq bildirib ki, musiqi məktəbi 1959-cu ildən fəaliyyət göstərir. 1989-cu ildə məktəbə Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunun adı verilib. Bu təhsil ocağında hazırda fortepiano, klarnet, tar, kamança, saz, xanəndə, vokal və digər ixtisasları üzrə 400 şagird təhsil alır, 75 müəllim çalışır. Məktəbin müəllim və şagirdləri şəhər, respublika və beynəlxalq səviyyəli tədbirlərdə uğurla iştirak edir. O, yaradılan şəraitə görə əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Sonra qonaqlar binada yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, musiqi məktəbinin yeni binası “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasına uyğun olaraq tikilib. Məktəbin üçmərtəbəli binası 23 fərdi və 5 qrup məşğələ otağından, yeməkxana, 3 sanitar qovşağı, anbar, 2 xor otağı, 2 zərb alətləri otağı, 7 inzibati otaq, oxu və akt zalı, 2 qrim otağından ibarətdir.

Sonda məktəbin şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.

AzərTAc