Təmsilçilərimiz “Qızıl Payız” mükafatı aldılar
31.10.2014

Macarıstanın Balatonfüred şəhərində 3 günlük “Qızıl Payız” Beynəlxalq Musiqi Festivalı keçirilib.

Ölkəmizin Macarıstandakı səfirliyindən bildiriblər ki, tədbirə Azərbaycan da daxil olmaqla, 10-dan artıq ölkənin nümayəndələri qatılıblar.
Ümumilikdə 80 nəfərdən çox musiqiçinin iştirak etdiyi festivalda bəstəkarlar, pianoçular və instrumental ifaçılar arasında müsabiqə keçirilib.

Bəstəkarlar arasında keçirilən müsabiqədə ölkəmizi təmsil edən gənc bəstəkar, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Azərbaycan Milli Konservatoriyasının əməkdaşı Tural Məmmədli Qran-pri mükafatına layiq görülüb.

Mükafata layiq görülən “Tünd rənglərin parıltısı” əsərini fortepianoda T.Məmmədli, skripkada isə Məleykə Əhədzadə ifa edib. Azərbaycanın digər təmsilçisi, pianoçular müsabiqəsində iştirak edən Səbinə Mehdiyeva də fəxri kürsünün yüksək pilləsinə qalxıb və birinci yerə layiq görülüb.

Qeyd edək ki, festivalda İsrail, Rusiya, Avstriya, Ukrayna, Macarıstan, Belarus və başqa ölkələr iştirak ediblər.

Gün.Az