Bilik Fondu Praqada sərgi keçirəcək
4.11.2014

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Praqada sərgi keçirməyi planlaşdırır.
Fonddan verilən xəbərə görə, dekabr ayında keçiriləcəyi gözlənilən “Azərbaycanın geologiya elmi Çexiyada” sərgisi “Azərbaycan elmi xaricdə” proqramı çərçivəsində reallaşacaq.

Bu istiqamətdə artıq müəyyən işlər görülüb.

Fondun Beynəlxalq layihələr sektorunun müdiri Riyad Məmmədzadə sərginin təşkili ilə bağlı Praqada olub və Çexiyada yaşayan diaspor nümayəndələri ilə görüşüb. R.Məmmədzadə Azərbaycanın Çexiyadakı səfirliyinin baş konsulu Əlimirzamin Əsgərov və konsul Nigar Əfəndiyeva ilə görüşərək, onlara sərgi barəsində ətraflı məlumat verib.

Onun sözlərinə görə, səfirliyin xətti ilə bu ölkədə yaşayan, fəaliyyət göstərən diplomatların, siyasi və ictimai xadimlərin sərgidə iştirakı təmin olunacaq.

Fondun nümayəndəsi Çexiyada fəaliyyət göstərən Azərbaycan və Xəzər araşdırmalar mərkəzinin rəhbəri professor Eduard Qombarov və həyat yoldaşı professor Yana Qombarova ilə də görüşüb.

“Professor Eduard Qombarov ilə birlikdə Çexiyanın nüfuzlu Karlov Universitetinə getdik və “Karolinum” adlanan əsas bina ilə tanış olduq. Sərgi bu binanın böyük zalında baş tutacaq”.

R.Məmmədzadə onu da bildirib ki, sərgidə Azərbaycana xas süxur və minerallar, flora və fauna eksponatları, geoloji xəritələr və geologiya elminə dair ədəbiyyat nümayiş olunacaq.

Gün.Az