Bu gün Bakı 2015 Avropa Oyunları Fransanın televiziya kanalı olan “L’Equipe 21” ilə yayım haqqında sazişə imza atdığını elan edib.
Sazişə əsasən Birinci Avropa Oyunları “L’Equipe 21” kanalı, eyni zamanda kanalın veb-saytı və mobil platformaları vasitəsilə Fransada canlı yayımlanacaq.
Şirkət Bakı 2015 Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin canlı yayımını həyata keçirəcək, eyni zamanda hər gün yarışlardan 5 saatlıq canlı nümayiş və yarışlardakı gündəlik ən maraqlı məqamların axşam yayımını təmin edəcək.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, bu saziş qitənin hər yerindəki idman azarkeşlərinin onların ölkələrini təmsil edəcək idmançıları izləyə bilmələrinə imkan yaradacaq bu yaxınlarda imzalanmış əsas saziş olacaq: “Biz Avropanın ən böyük dövlətlərindən biri olan Fransanın Bakı 2015 Oyunlarına təxminən 250 idmançıdan ibarət güclü komanda göndərəcəyini gözləyirik. Oradakı idman azarkeşlərinin evlərində oturub bütün yarışları izləyəcəklərini bilmək gözəldir. “L’Equipe 21 idmana həsr edilmiş bir kanaldır və biz kanalın Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək elit idmançıları və yarışları yğksək keyfiyyətlə nümayiş etdirəcəyinə inanırıq”.
“L’Equipe 21” televiziya kanalının baş meneceri Xavyer Spender bildirib ki, Bakı 2015 Avropa Oyunları beynəlxalq idman təqviminə mühüm hadisə kimi yazılacaq: “Ona görə də I Avropa Oyunlarının Fransada yayımlanmasına görə məsuliyyəti daşıdığımız üçün çox şadıq. Bir idman tamaşası kimi bu, dünyanın hər yerindəki idman azarkeşlərində Oyunlara qarşı böyük maraq oyadacaq və biz Fransadakı bütün izləyicilər üçün Oyunların canlı yayımlanmasına öz köməkliyimizi göstərəcəyimiz üçün fəxr edirik”.
“L’Equipe 21” kanalı həmçinin Bakı 2015 Avropa Oyunlarına 100 gün qalması ilə bağlı xüsusi bir proqram yayımlayacaq və Fransanın Mili Olimpiya Komitəsinin jurnalı olan “Esprit Bleu”da Avropa Oyunlarına hazırlaşan idmançılar barədə həftəlik hesabat təqdim edəcək.
Fransa Milli Olimpiya Komitəsinin prezidenti Denis Messeqliya qeyd edib: “Biz Bakı 2015 ilə 2012-ci ildən bizim media partnyorumuz olan “L’Equipe 21” kanalı arasında idman azarkeşlərimizin I Avropa Oyunlarını canlı izləmələrinə imkan yaradan sazişin bağlandığından çox məmnunuq. Bakı 2015 Avropa Oyunlarında yarışmaq üçün güclü komanda göndərəcəyik. Komandanın göstərəcəyi cəhdləri və əldə edəcəyi nailiyyətləri Fransadakı azarkeşlərin canlı izləyə bilməsi yaxşı haldır”.
1998-ci ildə əsası qoyulmuş və Fransa Milli Olimpiya Komitəsinin rəsmi yayım tərəfdaşı olan “L’Equipe 21” kanalı bütün il boyu idman nümayişlərini canlı olaraq yayımlayır.
Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.
APA