Londonda II Beynəlxalq “Buta” Azərbaycan İncəsənəti Festivalının açılış konserti olub - FOTOLAR
5.11.2014

“Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda II Beynəlxalq “Buta” Azərbaycan İncəsənəti Festivalının açılış konserti olub.

Məşhur “Royal Albert Hall” konsert salonunda təşkil olunan qala konsertdə Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, İsfar Sarabski, Soltan Hacıbəyov, Azər Rzayev və Fərhad Bədəlbəylinin repertuarlarından əsərlər səsləndirilib.

Konsertdə cazmen Şahin Növrəslinin çıxışı maraqla qarşılanıb. Dünya şöhrətli tenor Andrea Bocelli də konsertdə çıxış edib.

Əsərlərin ifasını respublikanın Əməkdar Artisti, pianoçu Murad Hüseynov kimi yerli sənətçi ilə yanaşı, əcnəbi sənətçilər də müşayiət ediblər. Açılış konserti geniş tamaşaçı auditoriyasını özünə cəlb edib.

“Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev deyib ki, festivalın təşkilində məqsəd beynəlxalq ictimaiyyəti Azərbaycan incəsənəti və mədəniyyəti ilə yaxından tanış etməkdir.

“Buta” Azərbaycan İncəsənəti Festivalı bu il “Azerbai-WOW” devizi altında keçirilir. Beş ay davam edəcək festival Azərbaycan mədəniyyətini, incəsənətini və mətbəxini təbliğ edəcək.

Festival çərçivəsində, həmçinin Azərbaycanın müasir rəssamlarının əsərlərindən ibarət ictimai incəsənət seriyasının da nümayişi planlaşdırılır.

AzərTAc