“Bayrağımız qürur mənbəyimizdir” mövzusunda rəsm sərgisi - FOTOLAR
5.11.2014

Noyabrın 5-də Dövlət Bayrağı Muzeyində “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda rəsm sərgisi açılıb.

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən sərgi 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunub.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədov və başqaları çıxış edərək Dövlət Bayrağı Gününün əhəmiyyətindən danışıblar.

Bildirilib ki, sərginin keçirilməsində əsas məqsəd Azərbaycanın dövlətçilik ənənələrinə, milli atributlarına, dövlət bayrağına ictimaiyyətin diqqətinin cəlb etmək, ölkəmizin atributlarını rəsm əsərləri ilə təbliğ etməkdir.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə 30 gənc rəssamın əsərləri nümayiş etdirilib. Əsərlər Dövlət Bayrağı Muzeyində nümayiş olunan tarixi bayraqlarımızı, müstəqil Azərbaycan dövlətinin bayrağını, eləcə də digər dövlət atributlarını özündə əks etdirir.

Sərgi zamanı Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin fəaliyyətinə həsr olunan film nümayiş etdirilib, gənc rəssamlara mükafatlar verilib.

AzərTAc