Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Qlaukoma şöbəsinin
həkimi Fidan Ağayeva deyir ki, gözə baxmaqla orqanizmdə digər hansı
xəstəliklərin mövcud olduğunu bilmək mümkündür:
“Elə insan var ki, şəkər xəstəsi olduğunu, yaxud qaraciyərində problem
yarandığını bilmir. Biz gözə baxmaqla bu problemləri aşkar edirik. Belə
hallarda biz xəstələri müvafiq həkimlərə yönləndiririk”.
Gözün altının qaralması, şişməsi, el dili ilə desək, tuluqlanması da
insanın orqanizmindəki xəstəliklərdən xəbər verir. Məsələn, biz həkim
olmasaq da, gözünün altı şişmiş adam görən kimi onun barəsində ilkin
təəssüratımız belə olur: böyrəkləri xəstədir...
Lakin alimlərin araşdırması nəticəsində məlum olub ki, gözün altının
göyərməsi orqanizmdə dəmir çatışmazlığının, qaraciyər xəstəliklərinin də
əlaməti imiş. Bundan əlavə, insan yorğun olanda, yuxusuz qalanda da
eyni hal müşahidə edilir.
Tibb elminə görə göz çevrəsindəki dəri vücudumuzun ən incə dərisi hesab
olunur. Bu baxımdan qan dəri səthinə yaxın genişlənmiş damarlardan keçən
zaman mavi bir rəng əmələ gəlir.
Göz çevrəsində sürtünmə və qaşıntıya səbəb olan amillər də gözün
altındakı dərinin tündləşməsinə gətirib çıxarır. Üz və burunun
allergiyası, astma, hansısa qida məhsuluna qarşı olan allergiya da göz
altında ləkə və tündləşmə yaradır.
Yuxusuzluq və gərgin işin başqa fəsadları da var...
Gözün altının qaralması və onun verə biləcəyi fəsadlar barədə
araşdırmalar Türkiyədə də aparılmaqdadır. Qardaş ölkənin Acıbadem
Kocaeli Xəstəxanasının dermatoloqu dr. Arda Eminza deyir ki, sistemli
qidalanmamaq, qanazlığı, toxumaların yetərli qədər oksigen ala bilməməsi
də gözaltı dərinin bulanıqlığına səbəb olur. Onun sözlərinə görə,
hamiləlik dövründə dəmir çatışmazlığı ilə əlaqədar gözaltı damarlar
şişir və daha da nəzərə çarpır: “İnsan yuxusuz olanda, dalbadal gərgin
işləyəndə də üz dərisi solur və gözaltı damarlar şişir”.
Məşhurlar gözün altının qaralmasını eynəklə gizlədirlər...
Qeyd edək ki, elmi işlərdə çalışan insanların çoxunda da gözaltının
qaralması baş verir. Mütəxəssisin dediyinə görə, onlarda bunun səbəbi
damarların genişlənməsidir.
Gözün altının qaralmasından təkcə sadə insanlar yox, məşhurlar da
əziyyət çəkirlər. Onlar bu qaralmanı eynəklər vasitəsilə ört-basdır
etməyə çalışırlar. Bəs əslində bu qaralmadan birdəfəlik qurtulmaq
mümkündürmü? Bununla bağlı sualı cavablandıran həkim deyib: “Keyfiyyətli
və düzgün qidalanmaq, rejim əsasında yatmaq, siqaret çəkməmək və ya
tərgitmək, günəş şüalarından qorunmaq gözün altının göyərməsini və
qaralmasını götürür. Əgər qanazlığı və dəmir çatışmazlığı varsa, mütləq
təcili müalicəyə başlamaq lazımdır. Onu da deyim ki, dəri, burun və
ağciyərdə allergiya varsa, müalicə olunmalıdır”.
Milli.Az