Noyabrın 5-də Muzey Mərkəzində Aleksandra Kukinovanın çini kuklalar sərgisi açılıb. Sərgi “Kukla” art-qalereyası və “ALEKSANDRA” şirkəti tərəfindən təşkil edilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.
Aleksandra Kukinova kukla rəssamı, müəllif kuklası ustası, Çexov adına Moskva Akademik Bədaye Teatrının məktəb-studiyasının məzunu, Rusiya Rəssamlar İttifaqının üzvü, beynəlxalq müsabiqələr laureatıdır. Onun işləri dünyanın bir sıra ölkələrində kukla sərgilərində nümayiş etdirilib.
“Kukla” art-qalereyasının rəhbəri, sənətşünaslıq doktoru Lalə Kazımova sərgini açaraq Aleksandra Kukinovanın yaradıcılığı barədə məlumat verib. O, qeyd edib ki, bu istedadlı rəssam çinidən göz oxşayan kuklalar yaradır.
A.Kukinova tədbirə toplaşanlara minnətdarlığını bildirib, sərginin keçirilməsinə göstərdiyi köməyə görə Lalə Kazımovaya təşəkkürünü bildirib.
Ekspozisiyada çini kuklalarla yanaşı, çinidən hazırlanmış kolleksiya miniatürləri də nümayiş etdirilir.
A.Kukinovanın işləri tədbirə toplaşanların böyük marağına səbəb olub. Sərgi noyabrın 8-dək davam edəcək.
azertag.az