Səttar Bəhlulzadənin qrafik əsərlərindən ibarət fərdi sərgi açılacaq
7.11.2014

Bu gün Xalq rəssamı Səttar Bəhlulzadənin ev-muzeyində onun qrafik əsərlərindən ibarət fərdi sərginin açılışı keçiriləcək.
Sərgidə S.Bəhlulzadənin şəxsi kolleksiyalarda qorunan və əksəriyyəti bu vaxta kimi nümayiş olunmamış 30 əsəri sərgilənir.

Sərgidə nümayiş olunan əsərlər “Səttar Bəhlulzadə-105. Qrafika” adlı kataloqda (Bakı, 2014) əks olunub.

S.Bəhlulzadənin Azərbaycan təsviri sənət tarixində rəngkar rəssam kimi xarakterizə edilməsinə, sərgilərdə əsas etibarilə boyakarlıq əsərləri ilə çıxış etməsinə baxmayaraq, rəssamın qrafikaları yaradıcılığının mühüm bir hissəsini təşkil edir. Bəhlulzadə qrafik əsərlərini qrafika sənətinin müxtəlif təsvir vasitələri ilə - karandaş, tuş, qamış qələm, rəngli flomaster və s. işlənib.

1966-cı ilin oktyabrında Çexoslovakiyanın paytaxtı Praqa şəhərində Səttar Bəhlulzadənin məhz qrafik əsərlərindən ibarət fərdi sərgisi açılıb. Bu, Azərbaycan rəssamının Avropada ilk fərdi sərgisi idi.

Boyakarlıq əsərlərində olduğu kimi rəssam çoxsaylı qrafikalarında da əsas etibarilə Azərbaycan torpağını, Azərbaycan təbiətini, bu təbiətin yetirdiyi nemətləri dönə-dönə tərənnüm etmişdir. “Tut ağacları”, “Bilgəh kəndi”, “Gözəllər”, “Dağlar və göl”, “Sənaye mənzərəsi”, “Keramika və meyvələr”, “Dağlar və buludlar” və b. əsərlərində rəssam doğma diyarımızın səfalı guşələrini qrafika sənətinin təsvir vastələrindən məharətlə istifadə edərək böyük məhəbbətlə təsvir edib. Bu əsərlərə baxdıqca müəllifin orijinal dəst-xətti, bənzərsiz duyma qabiliyyəti bir daha üzə çıxır.
S.Bəhlulzadə mənzərə və natürmortlarla yanaşı, qrafik əsərlərində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin, eyni zamanda “Leyli və Məcnun”un müxtəlif obrazlarını yaradıb.

İstər muzey və qalereyalarda, istərsə də şəxsi kolleksiyalarda qorunan qrafik əsərlərin hər birində rəssamın sadəcə gördüyü bir təbiət bucağının kağızda əksini deyil, hərarətli qəlbli sənət ustadının əsərini görürük. Bu rəsmlərdə Bəhlulzadənin məqsədi sadəcə reallığı təsvir etmək yox, özünün də gündəliklərində qeyd etdiyi kimi “məhəbbətlə əsərlər” yaratmaqdır. Böyük emosionallıq və geniş improvizasiya ilə yaradılmış qrafik rəsmlər bəşəri incəsənət əsərləri sırasında öz layiqli yerini tutub.

Bildirək ki, bu il görkəmli sənətkar, Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasından 105, ölümündən isə 40 il keçir.

Gün.Az