Hakimliyə namizədlərlə şəffaf prosedurlar əsasında, beynəlxalq
standartlara uyğun keçirilmiş test üsulu ilə, habelə yazılı və şifahi
imtahanlarda müvəffəqiyyət qazanmış 77 nəfər namizəd növbəti mərhələyə -
uzunmüddətli tədris kurslarına buraxılıblar.
Məhkəmə-Hüquq Şurasından verilən məlumata görə, kursun proqramı müasir
metodika və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb, namizədlərin
hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə
xüsusi diqqət yetirilərək, proqrama ən aktual, o cümlədən insan haqları,
xüsusilə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi
(presedentləri), habelə məhkəmə etikası, korrupsiya ilə mübarizə, milli
qanunvericiliyin yenilikləri və digər məsələlərə dair mövzular daxil
edilib, müxtəlif məhkəmələrdə yarımillik staj keçmə nəzərdə tutulub.
Keçən gün həmin kursun təntənəli açılışı olub. Kursu açaraq dinləyicilər
qarşısında mühazirə ilə çıxış Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə
naziri Fikrət Məmmədov məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin
müstəqilliyinin təmin olunması, əhalinin məhkəmələrə inamının
gücləndirilməsi və müraciət imkanlarının asanlaşdırılması üzrə işləri,
qarşıda duran mühüm tədbirləri qeyd edib.
Kursa başlayan hakimliyə namizədlərə uğurlar arzulayan nazir məhkəmə
sistemində nəzəri və peşə hazırlığı ilə yanaşı, yüksək insani
keyfiyyətlərinə, o cümlədən mənəvi təmizliyinə, ədalətliliyinə və
qərəzsizliyinə, insanlara qayğılı münasibətinə görə fərqlənən şəxslərin
təmsil edilməsinin zəruriliyini bildirib, onlara bu yüksək amalları daim
uca tutmalarını tövsiyə edib.
Sonra tədris proqramına uyğun olaraq kurs Milli Məclisin Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovun insan hüquqlarının
etibarlı təminatı mövzusu və digər aktual məsələlər üzrə mühazirələrlə
öz işini davam etdirib.
Qeyd edək ki, Ədliyyə Akademiyasında 1 il müddətində davam edəcək kursda
yüksək məhkəmə hakimlərinin, görkəmli alimlərin, zəngin biliyə və
təcrübəyə malik şəxslərin, habelə nüfuzlu xarici mütəxəssislərin
mühazirələri təşkil olunacaq və kurs çərçivəsində hakimliyə namizədlər
xarici ölkələrdə müsbət beynəlxalq təcrübə üzrə ayrıca təlimlər
keçəcəklər.
Trend