"Boeing" korporasiyası Azərbaycanda yeni "787 Dreamliner" təyyarəsinin promo-turunu keçirib.
"Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev
bildirib ki, bu, ən müasir təyyarədir. Təyyarə hazırda kompozit
materiallardan istehsal olunur və yığılır, həmçinin iqtisadi baxımdan
çox sərfəlidir.
Onun sözlərinə görə, Azərbaycan bu cür iki təyyarəni 2014-cü ildən
etibarən alacaq. Hər bir təyyarənin qiyməti 90 milyon dollardır.
"Azərbaycan bu təyyarələri Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda
alan ilk ölkə olacaq", - AZAL-ın vitse-prezidenti vurğulayıb.
"Boeing" korporasiyasının Yaxın Şərq, Rusiya və Mərkəzi Asiya
ölkələrində satış üzrə vitse-prezidenti Martin Bentrott deyib ki,
korporasiya Azərbaycanla əməkdaşlıqdan məmnundur və "Azərbaycan Hava
Yolları" QSC-ni böyük tərəfdaş kimi qiymətləndirir.
"Boeing" korporasiyasının nümayəndələri yeni "787 Dreamliner"
təyyarəsinin dünyada tanınması üçün "787 Dream Tour" çərçivəsində
aprelin 2-3-də Bakıdadırlar.
Müasir texnologiya ilə təchiz edilən, gövdəsi kompozit materialdan
hazırlanan "787 Dreamliner" təyyarəsi dünya turnesi çərçivəsində
həmçinin Santyaqo (Çili), Şannon (İrlandiya), Moskva (Rusiya), İstanbul
(Türkiyə) və Madriddə (İspaniya) nümayiş etdiriləcək.
Trend