Azərbaycanda ilk dəfə Bakı Elm Festivalı keçirilir
11.11.2014

Azərbaycanda ilk dəfə Bakı Elm Festivalı keçirilir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə keçirilən və iki gün davam edəcək festivalın açılış mərasimi “Akademiya şəhərciyi”ndə, AMEA-nın əsas binasında baş tutub. Bakı Şəhər İcra Hakimiyyəti, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin təşkilatı dəstəyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Azercell”in sponsoru olduğu festivalı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilk dəfə təşkil olunan Bakı Elm Festivalının ölkəmiz və elmimiz üçün mühüm əhəmiyyət kəsb etdiyini, həmçinin elmi nailiyyətlərin təbliğində önəmli yer tutduğunu qeyd edib. O, bildirib ki, elmimizin uğurlarının nümayiş olunduğu və hər il keçirilməsi planlaşdırılan festivalda akademiyanın bütün elmi müəssisə və təşkilatları yüksək səviyyədə iştirak edir. Eyni zamanda, Azərbaycanda elmin inkişafı və qarşıda duran vəzifələrdən danışan AMEA rəhbəri festivala hazırlıq prosesini yüksək qiymətləndirib, iştirakçılara uğurlar arzulayıb.

Sonra çıxış edən Təhsil naziri Mikayıl Cabbarov, Rabitə və Yüksək Texnologiyalar naziri, akademik Əli Abbasov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov festival haqqında fikirlərini bölüşüblər. Natiqlər sözügedən festivalın Azərbaycan elminin inkişafı və əldə olunan nailiyyətlərin təbliğinə böyük bir töhfə olduğunu qeyd ediblər.

Çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb.

Daha sonra qonaqlar Mərkəzi Elmi Kitabxananın yeni binasında təşkil edilmiş sərgi ilə tanış olublar. Sərginin sonunda əyləncəli elmi şoular nümayiş etdirilib.

Bakı Elm Festivalının birinci günü proqrama daxil olan istiqamətlərdə Milli Azərbaycan Tarixi, Arxeologiya və etnoqrafiya və digər muzeylərə ümumilikdə səkkiz elmi ekskursiya təşkil olunub, həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Geologiya və Geofizika, Fizika, Ədəbiyyat və digər institutlarında, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət, Azərbaycan Tibb və başqa universitetlərdə 23 elmi-populyar mühazirələr keçirilib. Eyni zamanda, 6, 23 və 132-134 nömrəli orta məktəblərdə də festivalın proqramlarını izləmək mümkün olub. Festivalın ikinci gününün proqramına isə ölkə alimlərinin ixtiralarına aid eksponatların nümayişi, maraqlı mühazirələr və əyləncəli elmi şouların nümayişi nəzərdə tutulub.

Qeyd edək ki, tədbirdə “National Geographic Azərbaycan” jurnalının da təqdimatı keçirilib.

Oxu.az