Yaxın vaxtlarda Bakıda filmlərin əfsanəvi IMAX rəqəmli sistemdə ən mükəmməl keyfiyyətdə nümayişini təmin edəcək ilk kinoteatr açılacaq.
O yüksəkmərtəbəli “Flame Towers” binalar kompleksinin birində tikiləcək.
“DIA Holding” şirkətinin arxitektoru Qüdrət Dənizoğlunun sözlərinə görə, 400 kvadratmetr sahəsi olan zal 382 yer üçün nəzərdə tutulacaq.
“IMAX texnologiyası tamaşaçıların kinoya virtual rejimdə baxmasına imkan verəcək. Tamaşaçı zalının xüsusi həndəsi quruluşda olması, nəhəng ekran və heyranedici səs – bütün bunlar film nümayişini unikal macəraya çevirəcək” - deyə Q.Dənizoğlu bildirib.
Onun sözlərinə görə, “Flame Towers” kompleksində tikiləcək kinoteatrda IMAX zalı ilə yanaşı filmlərə adi formatda baxmaq üçün nəzərdə tutulmuş kiçik ölçülü 5 kinozal da olacaq.
IMAX (ing. Image Maximum – “maksimal təsvir”) bir sıra kino nümayişi texnologiyaları və kinoteatr qurğularına əsaslanan kinematoqrafiya formatıdır. O, 1970-ci illərin əvvəllərində Kanadanın IMAX korporasiyası tərəfindən hazırlanıb.
Gün.Az