“TEAS Press” Nəşriyyat Evinin “Üç alma” uşaq ədəbiyyatı bölməsi kitablarını təqdim edib - FOTOLAR
14.11.2014

Noyabrın 13-də “TEAS Press” Nəşriyyat Evinin “Üç alma” uşaq ədəbiyyatı bölməsi 20-dən artıq uşaq kitabının təqdimatını keçirib.

Mərasimdə “TEAS Press” Nəşriyyat Evinin “Üç alma” uşaq ədəbiyyatı bölməsinin rəhbəri Kollin Makdonel, Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov təqdimatı keçirilən kitablar haqqında məlumat veriblər.

Bildirilib ki, bölmənin məqsədi Azərbaycan dilində uşaqları əyləndirmək, maarifləndirmək və onları mütaliəyə həvəsləndirməyə istiqamətlənmiş keyfiyyətli kitablar nəşr etməkdir. Bu məqsədə nail olmaq üçün seçdiyimiz strategiyanın iki istiqaməti var. Birincisi, dünyanın ən yaxşı kitablarını – həm klassik, həm də yeni kitabları tərcümə edib nəşr etməkdir. Biz dünyanın dörd bir yanından olan, uşaqların tanıyıb sevdikləri yazıçı və illüstratorların əsərlərinin tərcümə hüquqlarını almışıq. Azərbaycan dilinə tərcümə etmək üçün günün tələblərinə cavab verən kitabları seçmişik. İkinci istiqamət isə Azərbaycanda və xaricdə yaşayan azərbaycanlı yazıçılar, illüstratorları cəlb etməklə uşaqlarımız üçün dünya standartlarına cavab verən bədii və elmi-kütləvi ədəbiyyat nümunələri nəşr etməkdir.

Vurğulanıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev uşaqların inkişafına hər zaman böyük diqqət və qayğı göstərib. Bu baxımdan uşaq ədəbiyyatının nəşri istiqamətində görülən işlər “TEAS Press” Nəşriyyat Evinin “Üç alma” uşaq ədəbiyyatı bölməsinin müqəddəs borcudur.

Qeyd olunub ki, təqdimatı keçirilən kitablar “TEAS Press”in peşəkar yaradıcı heyəti tərəfindən tərcümə və dizayn edilib. Onların nəşrində bir çox janrlar və uşaqların yaş qrupları üzrə mütaliə-qavrama səviyyələri nəzərə alınıb. Kitablar Türkiyədə beynəlxalq standartlara uyğun olaraq çap edilib. Onların arasında valideyn, müəllim və kitabxanaçıların uşaqlara ucadan oxuması üçün gözəl, rəsmli kitablar da var. Klassik romanlar nazik cildlə üzlənib. Onlar daha böyük yaş qrupundan olan uşaqlar üçün nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, məşhur yazıçı və illüstrator - əsərləri ilə ən nüfuzlu mükafatlara layiq görülmüş Mo Uilyamsın beş şəkilli kitabı Azərbaycan dilinə tərcümə edilib.

Tədbirdə məşhur ingilis yazıçısı və illüstratoru Devid Makkinin məşhur “Elmer” seriyasından 4 kitabı təqdim edilib. Uşaq hekayələri dünyasında ən çox tanınan və sevilən personaj olan Elmerin bu il 25 illiyidir. Azərbaycandakı tədbir bu yubileyin bir hissəsi oldu.

Təqdim edilən üç şəkilli kitab isə bir çox mükafatların sahibi, hollandiyalı yazıçı və illüstrator Hido van Heynektnə aiddir. İki kitab onun məşhur “Rikki”, digəri isə “Maks” seriyasındandır. “TEAS Press” Nəşriyyat evi müəllifin “Klavis” nəşriyyatı ilə birgə xüsusi dizayn etdiyi Rikki oyuncaqlarını da təqdim edib.

Mərasimdə oxumağa hələ yenicə başlayan uşaqlar üçün “Mənim ilk klassik hekayəm” silsiləsindən kitablar da təqdim edilib. “Capstone” nəşriyyatından alınmış digər silsilə “Sevimli Sevinc” adlanır. Bu silsilə xüsusilə qız uşaqları üçün nəzərdə tutulub.

Nəşriyyat yeniyetmə və orta səviyyəli oxucular üçün amerikalı yazıçı Ceff Qunhusun “Əcinnə ovçuları” seriyasını təqdim edib.

Yuxarı yaşlı uşaqlar üçün kitablara “Mənim ilk klassik əsərim” silsiləsi aiddir. Bura “Qrin Qeyblz malikanəsinin qızı Anni”, “Qara köhlən” və “Sirli bağ” əsərləri daxildir.

Nəşriyyat gələcəkdə də bu və digər müəlliflərin daha çox kitablarını çap etməyi planlaşdırır. Həmçinin bu yaxınlarda təhsilə aid kitablarla bağlı informasiya xarakterli ikinci tədbirini keçirəcək.

Qeyd edək ki, “TEAS Press” Mo Uilyamsı kitab təqdimatına xüsusi qonaq kimi dəvət edib. Hələ uşaq ikən Bakını görmək arzusunun olduğunu vurğulayan Mo Uilyams Azərbaycanın gənc yazarları, animator və uşaq ədəbiyyatı üzrə ixtisaslaşan naşirlər üçün ustad dərsi də keçib.

“TEAS Press” nəşriyyat evinin “Üç alma” uşaq ədəbiyyatı bölməsi haqqında əlavə məlumatı www.3alma.az saytından öyrənmək mümkündür.

AzərTAc