Azərbaycanda uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləğinin mərhələlərlə artırılması nəzərdə tutulur.
“Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)”nda qeyd olunub ki, məsələ ilə bağlı işlər mütəmadi olaraq Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçiriləcək.
Yeni layihəyə əsasən, sosial müavinətlərin unifikasiyası və ünvanlı sosial yardım mexanizminin təkmilləşdirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, ailələrdə üçüncü və dördüncü uşaqların doğulmasının stimullaşdırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflərin hazırlanması nəzərdə tutulub.
Bundan əlavə Dövlət Proqramında qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinətin məbləğinin ölkə üzrə yaşayış minimumu səviyyəsinə çatdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi, sağlamlıq imkanları məhdud olan uşaq doğulduqda, ona qulluğa görə əlavə maliyyə yardımının göstərilməsi ilə bağlı təkliflərin hazırlanması, aztəminatlı çoxuşaqlı ailələrə əlavə dövlət dəstəyinin verilməsi üçün maliyyələşmə mexanizminin yaradılması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqları himayəyə götürmüş ailələrin stimullaşdırılması və onlara əlavə dövlət dəstəyinin verilməsi üçün maliyyələşmə mexanizminin yaradılması üzrə müvafiq təkliflərin hazırlanması, valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının qorunması və sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər də əks olunub.
APA