Barbi keçəlləşdi
3.4.2012

ABŞ-ın "Mattel" şirkəti dünyaca məşhur "Barbie" gəlinciyinin model və variantlarını artırmaq qərarına gəlib."Mattel"in mətbuat katibi Alan Hilovitsin dediyinə görə, şirkət keçəl, başında əsla saç olmayan Barbi istehsal edib.

"Barbinin rəfiqəsi" adlanan yeni gəlinciklə birlikdə bir neçə parik və aksessuar da hazırlanıb.
Yeni Barbi satılmayacaq, müalicə nəticəsində saçları tökülən uşaqların olduğu xəstəxanalarda azyaşlılara paylanacaq.

"Mattel"in bu qərarını səbəbi internetdə keçirilmiş "Keçəl və gözəl" ("Bald and Beautiful") onlayn kampaniyasıdır.

Xərçəng xəstəsi olan və kimya terapiyası nəticəsində saçları tökülən qızların analarının yanvarda başladıqları kampaniyanı 150 mindən artıq insan dəstəkləyib.

Barbi gəlinciyini "Mattel"in banilərindən biri Rut Hendler 1959-cu ildə yaradıb və o vaxtdan bəri dünyanın 150-dən artıq ölkəsində 1 milyarddan çox gəlincik satılıb.