“Bakı 2015 Avropa Oyunları” gözdən əlil idmançılar arasında cüdo yarışlarının keçiriləcəyini açıqlayıb.
Gözdən əlil idmançıların cüdo yarışı “Bakı 2015”in proqramına daxil edilib.
Məlumata görə, yarışda 8 kişi və 8 qadın cüdoçunun yarışacağı təsdiq edilib. Yarışda ümumilikdə 10 ölkə təmsil olunacaq.
Yarışda iştirak edəcək idmançıların seçildiyi ölkələrə Azərbaycan, Fransa, Böyük Britaniya, Almaniya, Yunanıstan, Macarıstan, Rusiya, İspaniya, Türkiyə və Ukrayna daxildir.
2004-cü il Afina Parolimpiya Oyunlarında və 2008-ci il Pekin Parolimpiya Oyunlarında iki qızıl medal və 2012-ci il London Parolimpiya Oyunlarında bürünc medal qazanmış milli idmançımız İlham Zəkiyev kişilərdən ibarət turnirdə Azərbaycanı təmsil edəcək.
Gözdən əlil idmançılar arasında Cüdo yarışı bir gün ərzində keçiriləcək və orada 90 kq-dan artıq çəki dərəcəsi kateqoriyasına daxil olan kişi idmançılar və 57 kq çəki dərəcəsinə qədər olan kateqoriyaya daxil edilən qadın idmançılar medal uğrunda mübarizə aparacaqlar.
2012-ci il London Parolimpiya Oyunlarında 52 kq çəki dərəcəsinə qədər olan kateqoriyada qızıl medal qazanmış almaniyalı idmançı Ramona Brussiq qadın idmançıların yarışında favoritlərdən biri olacaq.
gun.az