"Kazan - Türk Dünyasının Mədəniyyət Paytaxtı - 2014" proqramı yekunlaşıb - FOTOLAR
24.11.2014

Kazanda keçirilən “Kazan - Türk Dünyasının Mədəniyyət Paytaxtı - 2014" proqramı yekunlaşıb.

Tədbirin qonaqları arasında Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov, TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Düsen Kaseinov, Türkdilli Ölkələrin və təşkilatın digər üzv ölkələrinin mədəniyyət nazirləri də olub.

Final çıxmaq uğrunda milli seçim turların qalibləri olan 25 müğənni mübarizə aparıb. Finala 15 iştirakçı - Tatarıstan, Türkiyə, Qazaxıstan, Başkortostan, Moskva, Özbəkistan, Qırğızıstan, Makedoniya, İran, Krım, Bosniya, Bolqarıstan, Yakutiya, Azərbaycan və Türkmənistan təmsilçiləri vəsiqə qazana bilib.

"Turkvision-2014" müsabiqəsinin qalibi finalda 225 səs toplayan Qazaxıstanı təmsil edən müğənni Janar Duqalova olub. Müsabiqənin qalibinə beynəlxalq "TMB" telekanalında bir il ərzində öz musiqi çarxlarını nümayiş etdirmək imkanı verildi, həmçinin pul mükafatı təqdim edilib.

Müsabiqədə ikinci yeri 201 səs toplayan Tatarıstanlı ifaçı Aydar Süleyman tutub. Başkortostanı təmsil edən "ZAMAN " adlı etno-şou-layihəsi 199 səs toplayaraq müsabiqənin üçüncü yerinə layiq görülüb.

Sözügedən müsabiqədə Azərbaycanı "Divlərin yalnızlığı" mahnısı ilə "Azərbaycanın səsi" layihəsinin qalibi Elvin Ordubadlı təmsil edirdi. Qeyd etmək lazımdır ki, "Divlərin yalnızlığı" mahnısını Türkiyədən Ayşə Birgül Yılmaz və Azərbaycanın əməkdar artisti Elza Seyidcahan yazmışdı. Elvin Ordubadlı müsabiqədə doqquzuncu yeri tutub.

Müsabiqənin qalibini və bütün iştirakçıları Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və Türkmənistanın mədəniyyət naziri Annageldı Qaracayev təbrik ediblər.

Qeyd olunub ki, türk dünyasının beynəlxalq “Turkvision” televiziya mahnı müsabiqəsi 2013-cü ildən keçirilir. Müsabiqənin təşəbbüskarı və təsisçisi TMB TV kanalıdır. Müsabiqənin əsas məqsədi müasir Türk estrada musiqi sənətinin daha da tanıdılması, beynəlxalq yaradıcı əlaqələrin genişləndirilməsi, Türkdilli Ölkələr və xalqlar arasında həmrəylik və əməkdaşlığın möhkəmləndirilməsidir.

TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Daimi Şurasının keçirdiyi iclas zamanı Türkmənistanın Mərv şəhərinin 2015-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olması ilə bağlı qərar qəbul edilib. Beləliklə də, gələn il “Turkvision 2015” müsabiqəsi məhz Türkmənistanda keçiriləcək.






APA