Aprelin 6-7-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Ətraf mühitin mühafizəsi” VI Beynəlxalq layihə olimpiadası (“İnepo-Avrasiya”) keçiriləcəkdir.
Bununla bağlı keçirilən mətbuat konfransında “Çağ” Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən və Azərbaycan-Türk Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz qeyd edilən olimpiada barədə ətraflı məlumatlar vermişlər.
Bildirilmişdir ki, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Çağ” Öyrətim İşlətmələri Şirkəti və “İnepo -Avrasiya” Ekologiya İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək olimpiadada dünyanın 42 ölkəsindən (Azərbaycan, Türkiyə, Gürcüstan, İndoneziya, Rusiya, Qazaxıstan, Böyük Britaniya, Litva, Malayziya, Pakistan, Polşa, Tailand, Rumıniya, Ukrayna, Türkmənistan və s.) 400-dək məktəbli yarışacaqdır.
Olimpiadanın açılış mərasimi aprelin 6-da olacaqdır.
İştirakçılar müvafiq mövzularda layihələrini təqdim edəcəklər. Həmin layihələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, qaliblər mükafatlandırılacaqlar.
Olimpiadanın məqsədi Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaqdan, məktəblilərdə ətraf mühitə qarşı həssas münasibəti formalaşdırmaqdan, ekoloji məsələlər üzrə maarifləndirməni genişləndirməkdən ibarətdir.
Konfransda jurnalistləri maraqlandıran suallara da cavab verilmişdir.
AzərTAc