Bakıda Türkiyə Mədəniyyəti Günləri başlayıb - FOTOLAR
24.11.2014

Noyabrın 23-də Bakıda, Heydər Əliyev Mərkəzində Türkiyə Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib.

Hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri mərasimdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.

Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda Türkiyə Mədəniyyəti Günlərinin keçirilməsinin ölkəmiz üçün əlamətdar hadisə olduğunu bildirib. Nazir deyib: “Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk dəfədir ki, ölkəmizdə Türkiyənin Mədəniyyət Günləri keçirilir. Bu tədbir həm də xalqlarımızın tarixi köklərinin yaxınlığı və gələcək münasibətlərimiz baxımından əhəmiyyət daşıyır. Belə bir möhtəşəm məkanda - Heydər Əliyev Mərkəzində isə ilk dəfədir ki, bir ölkənin mədəniyyət günlərinin açılış mərasimi keçirilir”.

Əbülfəs Qarayev vurğulayıb ki, Azərbaycan və Türkiyə rəhbərlərinin dostluq münasibətləri, ölkələrimizin birgə platformalarda iştirakı əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verir. Bu yaxınlarda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın iştirakı ilə İstanbulda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçirilib. Biz bu mühüm hadisəni maraqla izlədik və Türkiyə xalqının Azərbaycanın bu uğuruna nə qədər çox sevindiyinin bir daha şahidi olduq.

Nazir iki il bundan əvvəl Azərbaycan Mədəniyyəti Günlərinin Türkiyədə uğurla keçirildiyini xatırladıb. O, Bakıda keçirilən Türkiyə Mədəniyyəti Günlərinin də xalqımız tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edib.

Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik mədəniyyət günlərinin təşkilinin ölkəsi üçün böyük əhəmiyyət daşıdığını deyib. Nazir vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kimi müdrik kəlamı ölkələrimiz arasında münasibətlərin bütün sahələrində özünü təsdiqləyir.

Bildirilib ki, Bakıda Türkiyə Mədəniyyəti Günlərinin təşkili Azərbaycan ilə Türkiyə arasında təkcə siyasət və iqtisadiyyat deyil, mədəniyyət və incəsənət sahələrində də möhkəm münasibətlərin olduğunu sübut edir.

Qeyd edilib ki, mədəniyyət günləri çərçivəsində əl işləri və fotosərgilər, folklor konserti, film və teatr nümayişi nəzərdə tutulub.

Mərasimdə Türkiyə mədəniyyətinin tanıtım videosu nümayiş etdirilib.

Sonra İstanbul Tarixi Türk Musiqisi Topluluğu mehter kollektivinin, Nilgün Kızılcının, Zafer Albayrakın, Dövlət Xalq Rəqsləri Ansamblının, Əməkdar Artist Azərinin çıxışları olub.

Türkiyə Mədəniyyəti Günləri noyabrın 27-dək davam edəcək.

AzərTAc