1 saylı Bakı “ASAN Xidmət” mərkəzində “Öz Peşəni Özün Seç” layihəsinin təqdimat mərasimi baş tutub.
Mərasim “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilib.
Layihənin əsas məqsədi yeniyetmələrə peşə seçimində köməklik göstərmək, seçəcəkləri peşə sahiblərinin peşəkarları ilə görüşdürmək, real iş ilə tanış etmək və onların arzuladıqları peşə ilə reallıqda olan peşə arasında oxşar və fərqli cəhətləri onlara çatdırmaqdır.
Layihə əsasən yeniyetmələr və xüsusi ilə də 7-9-cu sinif şagirdlərini əhatə edir. “İxtisas seçimimizi necə aparmalıyıq? Hansı peşə bizə ən uyğundur? İdeallarımız və xəyallarımız nədir? Nə üçün biz bu və ya digər peşəni seçirik? Peşə seçimində öz qabiliyyət və bacarığımızı nəzərə alırıqmı?” kimi suallara layihə boyunca yeniyetmələr cavab tapacaqlar.
Layihənin təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Strateji araşdırmalar sektorunun müdiri, “Öz Peşəni Özün Seç” layihəsinin müəllifi Fariz Cəfərov, Prezident yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, həkim psixoterapevt Fəxriyyə Məmmədova və başqaları iştirak edib.
Gün.Az