Nəqliyyatda kart sistemi martın 1-dən tam tətbiq olunacaq
26.11.2014

Martın 1-dən ictimai nəqliyyatda kart sistemi tam tətbiq olunacaq.

Bu barədə jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, bu sistemin tətbiqi üçün hazırlıq işləri davam etdirilir:

“Bakıda keçiriləcək Avropa Oyunlarına qədər nəqliyyatda elektron ödəmə sistemi həyata keçiriləcək. Bu elektron ödəmə sistemi təkcə avtobuslarda yox, eyni zamanda Metropolitendə də istifadə olunacaq.

Kartlar həm nəqliyyat kartları olacaq, eyni zamanda biz istəyirik ki, həm də bank kartları, yəni “Maestro”, “Viza”kartları da bu ödəmə sistemində iştirak etsin”.

Yeni sistemin qiymətlərə təsirinə gəldikdə isə nazir müavini qeyd edib ki, elektron ödəmə sistemi qiymətlərə təsir etməyəcək.

İctimai nəqliyyatda qiymətlər mütəmadi olaraq müzakirə olunur. Amma bu gün gündəmdə deyil”.

gun.az