İlham Əliyev Bakı Oksford məktəbinin yeni binasının açılışında - FOTOLAR
26.11.2014

Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Oksford məktəbinin yeni binasının açılışında iştirak edib.

Zəngin təbii ehtiyatları ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca amil seçib. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Son illərdə dövlətimizin başçısının ölkədə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam və tapşırıqlarına uyğun olaraq yüzlərlə məktəb binası tikilib və ya təmir olunub. Prezidentin sərəncam və tapşırıqlarına uyğun olaraq ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı gücləndirilib. Hökumət ucqar bölgələrdə müəllim çatışmazlığını aradan qaldırmaqla bağlı müvafiq proqram qəbul edib.

Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verib. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələri çərçivəsində ölkə üzrə yüzlərlə orta məktəb binası tikilib və bu proses davam etdirilir. Yüksək şəraiti, müasir təlim avadanlığı ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də Bakı Oksford məktəbidir. Məktəbin yeni binasında təlim-tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Bakı Oksford məktəbi 1998-ci ildə təsis olunub. Məktəbdə həm milli, həm də beynəlxalq təhsil standartlarını özündə əks etdirən müasir proqram həyata keçirilir.

Məktəbin təsisçisi Mehriban Məmmədova görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi ki, təhsil ocağının binası ən müasir tələblər səviyyəsində inşa olunub. Altımərtəbəli binanın ümumi sahəsi 30 min kvadratmetrdir. Bakı Oksford məktəbinin həyətində təhsilimizin inkişafında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb.

Prezident İlham Əliyev Bakı Oksford məktəbinin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı Bakı Oksford məktəbi ilə tanış oldu.

Məktəbin birinci mərtəbəsində Heydər Əliyev Muzeyi yaradılıb. Muzeydəki fotostendlər, əyani vəsaitlər ulu öndər Heydər Əliyevin siyasi, dövlətçilik fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır.

Bildirildi ki, məktəbdə təhsil dörd mərhələ üzrə keçirilir. “Məktəbə hazırlıq” mərhələsi 4-5 yaşında uşaqlar üçün nəzərdə tutulub. Bu mərhələdə uşaqlar Azərbaycan əlifbasını öyrənir, ingilis dili və hesab fənlərindən ilk biliklərə yiyələnirlər. Şagirdlər incəsənətə də xüsusi maraq göstərirlər. Bu baxımdan məktəbdə bir neçə “ART studio” fəaliyyət göstərir. Burada müxtəlif yaş qruplarından olan şagirdlər yaradıcılıq potensialını həyata keçirə bilirlər. Təhsil ocağında tez-tez incəsənət sərgiləri keçirilir və şagirdlərin əl işləri nümayiş olunur.

Növbəti, “İbtidai siniflər” mərhələsi isə 6-10 yaşında uşaqlar üçün nəzərdə tutulub və tədris Kembric Beynəlxalq Proqramı üzrə keçirilir. Bu mərhələni bitirdikdə şagirdlər “Cambridge Chekpoint Primary” imtahanlarını verirlər. Məktəbdə aşağı yaş qrupları üçün kitabxana fəaliyyət göstərir. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün də zəruri avadanlıq quraşdırılıb.

Üçüncü mərhələ isə “Orta məktəb”dir. Bu mərhələdə 11-13 yaşında uşaqlar təhsil alırlar. Şagirdlər bu mərhələni bitirdikdə ingilis dili, riyaziyyat və təbiət fənləri üzrə yenidən “Cambridge Chekpoint Primary” imtahanları verirlər.

Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbdə hərbi hazırlıq sinfi də yaradılıb. Məktəbdə yuxarı sinif şagirdləri üçün müxtəlif dərnəklər fəaliyyət göstərir. Şagirdlər burada qədim el sənətlərinin də sirlərini öyrənə biləcəklər.

Prezident İlham Əliyevə məlumat verildi ki, sonuncu mərhələ olan “tam orta məktəb” isə 14-18 yaşında uşaqlar üçün nəzərdə tutulub. Bu mərhələni bitirdikdə şagirdlər mərkəzləşdirilmiş imtahanları verərkən Azərbaycan Respublikasının tam orta təhsil haqqında sənədinə malik olurlar.

Məktəbdə informatika kabinetləri, fənn laboratoriyaları yaradılıb. Fizika, kimya və biologiya laboratoriyalarının hamısı müasir tədris vasitələri ilə təmin edilib. Bu təhsil ocağında hər cür şəraiti olan yeməkxana və müxtəlif tədbirlərin keçirilməsi üçün akt zalı qurulub. Bildirildi ki, hazırda məktəbdə 550 şagird təhsil alır. Bunlardan 30 faizi ABŞ, Avstraliya, Böyük Britaniya, Fələstin, Hollandiya, İordaniya, İtaliya, Kanada, Rusiya, Tailand, Türkiyə və başqa ölkələrdən olan şagirdlərdir.

Məktəbdə şagirdlərin təlim və tərbiyəsi ilə 100 müəllim məşğul olur. Onların arasında Böyük Britaniya, ABŞ, Kanada, Kolumbiya, İsveç, Rumıniya, Malayziya, Cənubi Afrika Respublikası və Nigeriyadan olan müəllimlər də var.

Dövlətimizin başçısının gənc nəslin intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, onların innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılması haqqında verdiyi sərəncamlara əsasən, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Təhsilə dəstək” layihəsi çərçivəsində 2010-cu ilin noyabrında Bakı Oksford məktəbinin Şəmkir filialı fəaliyyətə başlayıb. Hazırda orada 220 şagird təhsil alır. Filialda Şəmkirlə yanaşı, Gəncə, Gədəbəy, Tovuz, Qazax və digər ətraf rayonlardan gələn şagirdlərə ən yüksək səviyyədə təhsil verilir. 2013-cü ildə isə hər cür şəraiti olan “Campus” binası inşa edilib.

Bildirildi ki, Bakı Oksford məktəbində şagird-müəllim-valideyn interaktiv şəbəkəsi yaradılıb. Bu, valideynlərə şagirdlərin davamiyyəti, müvəffəqiyyəti, davranışı, ev tapşırıqları haqda operativ-interaktiv məlumat əldə etməyə imkan verir. Məktəbin kitabxanası tədris planlarında nəzərdə tutulmuş fənlərə dair tədris-informasiya mənbələri ilə zənginləşdirilib. Məktəb fəaliyyətə başladığı gündən bir sıra nailiyyətlər əldə edib. Təhsildəki uğurlarına və yüksək standartlara görə Bakı Oksford məktəbi Kembric Beynəlxalq İmtahanlar Mərkəzi statusunu alıb. Bu statusa görə məktəb “Cambridge Checkpoint”, “İGCSE” proqramlarının tədrisi, imtahanların keçirilməsi və Kembric Beynəlxalq Sertifikatını təqdim etmək hüququnu qazanıb. 2006-cı ildə isə təhsil ocağı Avropa keyfiyyət mükafatına layiq görülüb. Hazırda Bakı Oksford məktəbi məzunlarına “İGCSE”, “A-LEVEL” sertifikatı və Azərbaycan Milli Sertifikatını verir.

Təhsil ocağının həyətində abadlıq və quruculuq işləri görülüb.

Bakı Oksford məktəbinin yeni binasının inşası bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Bütün bunlar ilk növbədə, şagirdlərin elmlərin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır.

Prezident İlham Əliyev təhsilin yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verdi.

Oxu.az