Bakıda Çexiya səfirliyinin təşkilatçılığı ilə “İsti və Soyuq” adlı sərgi açılıb
27.11.2014

Milli İncəsənət Muzeyində Çexiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Mərkəzi Avropa Mədəniyyət Platformasının “İsti və Soyuq” adlı sərgisinin açılışı olub.

Sərgidə Mərkəzi Avropanın istehsalı olan müasir şüşə və çini qablar nümayiş olunur.

Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka bildirib ki, sərgidə Avstriya, Çexiya, Macarıstan, Polşa və Slovakiya şirkətlərinin istehsalı olan klassik, müasir şüşə və çini badələr nümayiş olunur: “Ümid edirəm ki, sərgilənən bütün qablar hər birinizin xoşuna gələcək. Sizdən xahişim yalnız budur ki, dostlarınız və yaxınlarınıza məlumat verin, dekabrın 10-dək açıq olan sərgi ilə daha çox insan tanış olsun”.

Tədbirdə çıxış edən Mərkəzi Avropa ölkələrinin təmsilçiləri sərginin əhəmiyyətindən, Azərbaycan-Çexiya mədəni əlaqələrinin gələcək inkişafından danışıblar.

APA