İslam Peyğəmbəri haqqında film gələn il təqdim ediləcək
27.11.2014

İran tarixinin ən bahalı filmi gələn il kinosevərlərə təqdim ediləcək.

Həzrəti Məhəmməd Peyğəmbərin (s.a.s) həyatının bir hissəsini əhatə edəcək filmin çəkilişləri artıq son mərhələdədir.

İranlı məşhur rejissor Məcid Məcidinin çəkdiyi filmin gələn ilin fevral ayında Tehranda baş tutacaq “Fəcr Film Festivalı”nda təqdim ediləcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, bu film 50 milyon dollarlıq büdcə ilə İran tarixində ən bahalı film kimi yer alacaq. Ərəb, fars və ingilis dillərində təqdim ediləcək filmin musiqilərini məşhur müğənni Sami Yusuf və hind müğənni Rəhman səsləndiriblər.

Film haqqında danışan rejissor Məcid Məcidi bildirib ki, dünyada Hz.Məhəmməd haqqında cəmi bir film var:

“Onu da 42 il əvvəl Mustafa Akkad çəkib. Hz.İsa ilə bağlı 200, Hz.Musa ilə bağlı 80 film çəkilib. Dünyanın İslam haqqında məlumatı çox azdır. Müsəlmanlıq deyəndə insanların ağlına terrorizm gəlir. Amma əsl İslam bu deyil. Mən bu filmlə İslamın əsl üzünü göstərmək istəyirəm. Filmdə “nə üçün İslam insanlara göndərildi?” sualının cavabını başa salmağa çalışacağam”, - deyə rejissor bildirib.

Gün.Az