Milli Məclis 2015-ci il üçün Dövlət büdcəsi zərfinə daxil olan qanun layihəsini qədul edib.
2015-ci ildə Dövlət büdcəsinin gəlirləri nominal ifadədə 19 mlrd. 438 mln. manat, xərcləri isə 21 mlrd. 100 mln. manat həcmində proqnozlaşdırılır. 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən Dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 32,5 faizi, xərcləri isə 35,2 faizi həcmində olacaq.
Dövlət büdcəsinin 2015-ci il üçün proqnozlaşdırılan gəliri 2014-cü ilin proqnozu ilə müqayisədə 5,7 faiz çox, 2013-cü ilin faktiki göstəricisi ilə müqayisədə isə 0,3 faiz azdır. Xərclərə gəldikdə isə bu göstəricilər müvafiq olaraq 5,2 faiz və 10,2 faiz çoxdur. 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrinə əsasən gələn ilin dövlət büdcəsində 1662 mln. manat kəsir proqnozlaşdırılır.
2015-ci ilin dövlət büdcəsində müdafiə xərcləri 1 mlrd. 778,5 mln. manat proqnozlaşdırılıb. Bu da 2014-cü ilin proqnozu ilə müqayisədə 8,6 faiz çoxdur. Belə ki, 2014-cü ilin proqnozunda müdafiə xərcləri 1 mlrd. 637,4 mln. manat təşkil edib.
2015-ci ildə ölkə üzrə real iqtisadi artım 4,4 faiz olmaqla, ÜDM istehsalı bazar qiymətləri ilə 59,8 mlrd. manat təşkil edəcək. ÜDM-in tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi 65,1 faiz həddində proqnozlaşdırılır.
2015-ci ildə inflyasiyanın 2,3 faiz həcmində olacağı proqnozlaşdırılır.
Kamil Həmidov
Gün.Az