Azərbaycan Kazakları Həmyerlilər Birliyinin Qoşun Kazak cəmiyyətinin
Ataman İdarəsinin qərarı ilə kazakların tarixi, mədəni və vətənpərvərlik
ənənələrinin dirçəlişinə göstərdiyi köməyə, ekstremizmlə və terrorizmlə
mübarizəyə görə Azərbaycan Prezidenti İlham Əliyev kazakların ən yüksək
mükafatı - Ataman Qolovatı Ordeni ilə mükafatlandırılıb.
Bu barədə Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanı Viktor Mereşkin məlumat verib.
Onun sözlərinə görə, kazakların ali ordeni Azərbaycanın Ukraynadakı səfirliyi vasitəsilə artıq dövlət başçısına çatdırılıb.
O həmçinin qeyd edib ki, azərbaycanlı kazaklar həmişə Azərbaycanın
müstəqilliyini müdafiə ediblər və gələcəkdə də bu mövqeni
dəstəkləyəcəklər.
"Kazaklar daima Azərbaycana çətin dəqiqələrdə kömək göstərməyə və
respublikanın ərazi bütövlüyünün bərpasında iştirak etməyə hazır
olublar", - ataman deyib.
Bundan əvvəl Ukrayna prezidentləri Viktor Yuşenko və Viktor Yanukoviç Ataman Qolovatı Ordeni ilə təltif olunublar.
Anton Andreyeviç Qolovatı (1744-1797) keçmiş Çernomorsk (indiki Kuban)
kazak qoşunlarının yaradıcılarından biri hesab olunur. O, kazak
qoşunlarının Kubana köçürülməsində və onun yeni diyarda təşkilində əsas
xadimlərdən olub. 1797-ci ildə Qolovatı iki kazak alayı və Xəzər
donanmasının başında Azərbaycanın cənub sərhədlərini qorumaq məqsədi ilə
yürüşə çıxıb.
Azərbaycan Kazakları Həmyerlilər Birliyi Ədliyyə Nazirliyində 1994-cü il
noyabrın 16-da qeydiyyatdan keçib. İttifaq ulu babaları kazak köklərinə
malik olan və kazakların qayda və ənənələrini qəbul edən təxminən 1500
nəfəri birləşdirir.
Trend