Praqadakı Çexiya Milli Muzeyinin binasında “Azərbaycan - Möcüzəli Odlar Yurdu” (“Azerbaijan - magical land of fire”) adlı sərginin təntənəli açılış mərasimi keçirilib.
XİN mətbuat xidmətindən verilən məlumata görə, tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Çexiya Respublikasının Milli Muzeyinin təşkilatçılığı və Azərbaycanın Çexiya Respublikasındakı səfirliyinin dəstəyi ilə baş tutub.
Açılış mərasimində Çexiya Milli Muzeyinin direktoru Mixal Lukeş, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə xanım Vəlixanlı və Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək, mədəni əlaqələrin inkişaf etdirilməsinin ölkələr və xalqlar arasında körpü rolunu oynadığını qeyd ediblər.
Tədbirdə Çexiyanın Xarici İşlər, Mədəniyyət nazirlikləri və digər dövlət qurumlarının nümayəndələri, habelə Çexiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, çex ictimaiyyətinin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi çıxışlar bölməsi bitdikdən sonra Azərbaycan səfirliyinin diplomatları Nigar Əfəndiyeva və Tural Gəncəliyev tərəfindən ölkəmizin dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Sənsiz” musiqi əsəri tar və fortepiano vasitəsilə canlı ifa edilib və tədbir iştirakçılarının alqışlarına səbəb olub. Eyni zamanda tədbir iştirakçıları üçün Azərbaycan milli mətbəxinin təamlarından ibarət ziyafət verilib.
Sərginin keçirildiyi binanın müxtəlif zallarında Azərbaycanın qədim və zəngin tarixi və mədəniyyətinə aid eksponatlar, milli musiqi alətləri, geyim və zinət əşyaları, arxeoloji tapıntılar, habelə qədim pul əskinasları və digər dəyərli əşyalar nümayiş etdirilib.
Sərgiyə gələn iştirakçılar üçün Azərbaycanın mədəniyyəti və tarixi haqqında müxtəlif nəşrlər, o cümlədən çex dilində nəşr edilmiş “İrs” jurnalı və digər məlumat kitabçaları və broşürlər paylanıb.
APA