Bu gün Bakıda Koreya Kino Festivalının açılışı keçirilib. Tədbir Koreya Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Koreyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilir.
Tədbirdə çıxış edən SEBA-nın prezidenti Ruhəngiz Heydərova Azərbaycan-Koreya əlaqələrinin əsasının hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Ruhəngiz Heydərova vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Koreyaya rəsmi səfərindən sonra bu əlaqələr daha da genişlənib.
SEBA-nın prezidenti bildirib ki, hazırda Koreya və Azərbaycan arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də sıx əlaqələr mövcuddur. R. Heydərovanın sözlərinə görə, SEBA-nın fəaliyyət göstərdiyi 10 il ərzində mədəniyyət, elm, səhiyyə və başqa sahələrdə böyük layihələr həyata keçirilib: “Bu layihələrin nəticələri göz qabağındadır. SEBA Assosiasiyası Azərbaycanın xaricdə təbliğ və tərənnüm olunması istiqamətində fəaliyyət göstərir. Həyata keçirdiyimiz layihələrdən biri də kino festivalıdır ki, artıq ikinci dəfə baş tutur”.
R. Heydərova qeyd edib ki, SEBA-nın həyata keçirdiyi tədbirlərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi olub: “Biz Mehriban Əliyevanın dəstəyini hər zaman hiss etmişik və məhz bu səbəbdən işlərimiz daha keyfiyyətli olub. Həmçinin bizim işlərimizə Azərbaycanın Koreyadakı səfirliyi, Koreyanın Azərbaycandakı səfirliyi və Koreya Fondu dəstək verib. Festivalın açılışının məhz Koreyanın baş nazirinin Azərbaycana səfəri ilə eyni vaxta təsadüf etməsi də bizi sevindirir”.
Festivalda çıxış edən Koreya xarici işlər nazirinin birinci müavini Cho Taeyong Koreya-Azərbaycan əlaqələrinin hazırkı vəziyyətindən, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan yeni layihələrdən danışıb. O qeyd edib ki, gələcəkdə iki ölkə arasında mədəniyyət sahəsində yeni layihələr planlaşdırıla bilər: “Bu gün SEBA Assosiasiyasının təşkilatçılı ilə baş tutan Koreya Film Festivalının açılışında iştirak etmək mənim üçün şərəfdir. Bu festivalın açılışının uğurla baş tutması üçün böyük səy göstərən SEBA-nın rəhbərliyinə və bütün üzvlərinə təşəkkür etmək istəyirəm. Festval oktyabr ayında Koreya Fondu ilə SEBA arasında imzalanan Memorondumdan sonra ilk tədbirdir. SEBA Assosiasiyası Koreya ilə Azərbaycan arasında mədəni əlaqələrin həyata keçirilməsində körpü rolunu oynayır”.
Tədbirdə Koreyanın Azərbaycandakı səfiri Çoi Suk, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev də çıxış edərək, festivalın təşkil olunmasının əhəmiyyətindən danışıblar.
Mərasimində həmçinin SEBA Assosiasiyasının Bakıda ilk dəfə 2005-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə birgə təşkilatçısı olduğu “Koreya Kinosu Günləri” barədə film nümayiş olunub.
Açılış mərasimindən sonra Lee Yongun rejissoru olduğu və ilk dəfə Azərbaycan dilinə dublyaj edilən “Memarlıq 101” filmi nümayiş olunub.
Qeyd edək ki, festival 27-30 noyabr tarixlərində doqquz filmin nümayişi ilə davam edəcək.
APA