Noyabrın 28-də Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycana həsr olunan fotosərgisinin və iki kitabının təqdimatı keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
Fonddan verilən xəbərə görə, Parisin məşhur “Pöti Pale” sərgi-muzey kompleksində təşkil olunan sərgi artıq neçə gündür ki, Fransa ictimaiyyətinin, Paris sənətsevərlərinin, xüsusilə nüfuzlu media orqanlarının diqqət mərkəzindədir. Tədbirin aparıcısı ölkəmiz, onun zəngin mədəniyyəti və tarixi barədə qonaqlara məlumat verib. Bildirilib ki, Reza Deqatinin bu sərgisi Paris sənətsevərləri tərəfindən böyük maraqla qarşılanıb. “Pöti Pale” sərgi-muzey kompleksinin direktoru Kristof Löğibo deyib ki, Reza Deqatinin fotoları hər zaman Fransa mədəni mühitində özünə məxsusluğu ilə fərqlənib və bu amil fotoqrafa sənət dünyasında böyük maraq oyadıb.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bildirib ki, humanist ideyaların, bəşəri hisslərin tərənnümçüsü olan Reza Deqati ölkəmizə sonsuz məhəbbəti ilə də tanınır. Bütün dünyaya məxsus olan bu istedadlı insanın çəkdiyi fotoların hər yerdə maraqla qarşılandığını deyən səfir onun yaradıcılığında Dağlıq Qarabağ münaqişəsinə də yer verməsini xüsusi vurğulayıb. Diqqətə çatdırıb ki, Qarabağ müharibəsi və Xocalı soyqırımının əks olunduğu bu fotolar faciənin miqyasını daha aydın əks etdirir. Elçin Əmirbəyov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışıb, ölkəmizin ərazisinin 20 faizinin işğal olunduğunu, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıldığını bildirib.
Parisin Vlll rayonunun meri xanım Jann Doteser qeyd edib ki, Azərbaycan dünyada mədəniyyəti və incəsənəti ilə məşhurdur. Mer Fransa ilə Azərbaycan arasındakı münasibətlərin genişləndiyini və bunun da mədəniyyət sahəsində özünü daha çox büruzə verdiyini vurğulayıb. “Son illərdə Fransa ilə Azərbaycan arasında əlaqələr genişlənir. Bu məsələdə mədəniyyətin xüsusi çəkisi var”, -deyən Fransadakı Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel Heydər Əliyev Fondunun Fransada Azərbaycan mədəniyyətinin təbliğinə xüsusi diqqət göstərdiyini vurğulayıb.
Sərginin təşkilinə görə Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirən dünya şöhrətli fotoqraf Reza Deqati Azərbaycanın çox tolerant, gözəl və zəngin ölkə olduğunu dedi. “Həyatımın böyük hissəsi münaqişə zonalarında keçib. Münaqişələr zamanı çəkdiyim hər bir foto mənə o münaqişəni yaşadıb”,- deyən Reza Deqati bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zamanı yaşadıqları anlar həyatının acı mərhələsidir. “Xocalıda gördüklərim hafizəmdə əbədi qaldı və məni vadar etdi ki, bu faciəni bütün dünyaya çartdırım”, deyə R.Deqati bildirib.
Sərgi çərçivəsində Reza Deqatinin iki kitabının təqdimatı da olub. Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunan “Odun cazibəsi” və “Günahsızların qırğını” kitablarında Reza Deqatinin bu sərgidə nümayiş olunan fotoları toplanıb.
Tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. 2013-cü ildə isə Parisdə Reza Deqatinin “Azərbaycan. Tolerantlıq məkanı” sərgisi keçirilib. Həmin sərgi sonralar Moskvada, İsrailin müxtəlif şəhərlərində, eləcə də BMT-nin mənzil qərargahında, Avropa Parlamentində nümayiş olunub. Reza Deqatinin “Talelərin qovuşması”, “Müharibə+Sülh”, “Ümid”, “Qəlbin pəncərəsi” kimi layihələri dünyada məşhurdur. O, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin üzvü, bir çox nüfuzlu universitetlərin fəxri doktoru, Fransa Respublikasının “Xidmətlərə görə” ordeninin laureatıdır.
Sərgi dekabrın 7-dək davam edəcək.
APA