“İpək dostluq yolu. Yeddi gün Azərbaycanda” fotosərgisi açılacaqdır
1.9.2011

Sentyabrın 3-də Rusiyanın Çelyabinsk şəhərində vilayət diyarşünaslıq muzeyinin sərgi salonunda “İpək dostluq yolu. Yeddi gün Azərbaycanda” fotosərgisi açılacaqdır. Fotosərgi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə və Cənubi Ural paytaxtının 275 illiyinə həsr olunacaqdır.
Sərgidə nümayiş etdiriləcək işlərin müəllifi Çelyabinskin məşhur foto sənətkarı, Rusiya Foto Sənətkarları İttifaqının Çelyabinsk regional şöbəsinin sədri, diyarşünaslıq muzeyinin direktoru Vladimir Boqdanovskidir.
Ekspozisiyaya müxtəlif janrlarda – peyzaj, portret, rəsm, reportaj janrlarında hazırlanmış təqribən 90 fotoşəkil təqdim olunmuşdur. Fotokolleksiyanı “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təqdim olunmuş eksponatlar - əlvan milli geyimlər, məişət əşyaları, dekorativ tətbiqi sənət əsərləri, məşhur Azərbaycan ipəkləri və xalçaları tamamlayacaqdır. Sərginin videoproqramında Azərbaycanın tarixindən və mədəniyyətindən bəhs edən bir neçə film vardır.
“İpək dostluq yolu” sərgi layihəsi Çelyabinsk vilayətinin mədəniyyət və turizm naziri Aleksey Betextinlə Bakı şəhərinin Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev tərəfindən imzalanmış hökümətlərarası saziş çərçivəsində həyata keçirilir. 2010-cu ilin noyabrında “Çelyabinsk vilayəti və Azərbaycanın xalqlar dostluğu ongünlüyü” zamanı Azərbaycanın nümayəndə heyəti Çelyabinskdə olmuşdu. 2011-ci ilin iyulunda isə diyarşünaslıq muzeyinin direktoru Vladimir Boqdanovski və Çelyabinsk vilayətindəki “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzi ictimai təşkilatının sədri Rəfail Quliyev Bakıya çəkilişə gəlmişdilər. Yeddi gün davam edən gərgin iş nəticəsində yaranmış “Yeddi gün Azərbaycanda” sərgisini indi Çelyabinskdə səbirsizliklə gözləyirlər.
Sərgi “Şəhər günü”ndə açılacaqdır.