Azərbaycan Dövlət Musiqili Teatrının dekabr repertuarı maraqlı tamaşalarla zəngindir.
Teatrın mətbuat xidmətindən bildirilib ki, dekabrın 5-də Ə.Haqverdiyevin “Kimdir müqəssir”, 6-da O.Kazımi və R.Heydərin “Qızıl toy”, E.Sabitoğlu və T.Vəliyevanın “Bankir adaxlı” tamaşaları göstəriləcək. Tamaşaçılar “Qızıl toy”a həmçinin dekabrın 7-də və 21-də, “Bankir adaxlı”ya isə ayın 20-də də baxa bilərlər.
Dekabrın 8-də teatrın səhnəsində İrəvan Azərbaycan Dövlət Dram Teatrının kollektivi tərəfindən H.Orucovun “Burdan min atlı keçdi” tamaşası nümayiş olunacaq.
Azərbaycan Dövlət Musiqili Teatrının yaradıcı heyəti dekabrın 13-də E.Sabitoğlu və C.Məmmədovun “www.ferzeli-kef.com”, ayın 14-də Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, 19-da R.Hacıyev, E.Ocaqov, və F.Zöhrabovun “Talelər qovuşanda” tamaşalarını təqdim edəcək.
Hər ay olduğu kimi, dekabrda da Musiqili Teatr uşaqları yaddan çıxarmayıb. Dekabrın 7-də R.Ağayeva, A.Xayt və A.Kurlyanskinin “Bir dayan, canavar” (rus dilində), 13-də E.Sabitoğlu və E.Şvartsın “Qırmızı papaq” tamaşaları göstəriləcək. Uşaqlar dekabrın 14-də H.X.Andersenin “Düyməcik” (rus dilində), 21-də R.Şəfəq və V.Ziminin “Yağış göbələyinin macərası” (rus dilində) tamaşalarına baxa bilərlər.
Teatrın səhnəsi dekabrın 24-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının ixtiyarına verəcək.
Dekabrın 25-dən 2015-ci il yanvarın 10-dək isə teatrın kollektivi uşaqlar üçün “Yatmış gözəl və cırtdanlar” yeni il tamaşasını göstərəcək.
AzərTAc