Bakıda beşinci “Molla Nəsrəddin” - Azərbaycan 2012” Beynəlxalq karikatura müsabiqəsinə start verilmişdir.
Müsabiqə hər il olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilir.
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə bildirmişdir ki, müsabiqənin mövzusu “Satirik mətbuatın əhəmiyyəti”nə həsr olunmuşdur. Bu mövzu təsadüfən seçilməmişdir. Çünki bu il ölkəmizdə “Kirpi” satirik jurnalının nəşrə başlamasının 60 illiyi tamam olur. “Molla Nəsrəddin” (1906-1932) satirik jurnalının layiqli davamçısı olan “Kirpi” satirik jurnalı 1952-ci ildən dərc olunur və karikaturanın bir janr kimi respublikamızda inkişafında, tanınmasında və təbliğində mühüm rol oynamışdır. Azərbaycanda bir çox karikaturaçı rəssamların əsərləri “Kirpi” jurnalının səhifələrində dərc olunmuşdur.
Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini iyunun 15-dək Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinə və ya internet vasitəsilə mollanasreddin2012@yahoo.com ünvanına göndərə bilərlər. Hər bir müəllifə müsabiqəyə 2 karikatura ilə qatılmaq imkanı verilmişdir.
Müsabiqəyə göndərilən ən yaxşı karikaturalardan ibarət kataloq hazırlanacaq və onların sərgisi təşkil olunacaqdır.
Müsabiqəyə göndərilən karikaturalar beynəlxalq tərkibli münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.
Qaliblərin mükafatlandırılması mərasiminin iyulun 15-də, “Kirpi” jurnalının ilk nömrəsinin çap olunduğu gündə keçirilməsi nərədə tutulur.
AzərTAc