Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtı Parisdə “Bakıya uçuş” adlı sərginin açılışı nəzərdə tutulur.
Heydər Əliyev Fondundan verilən məlumatda bildirilir ki, Fondun
vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşən səyyar
sərgini Şərqlə Qərb mədəniyyətinin qovşağından ilhamlanan müasir
Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi qiymətləndirmək olar.
Sərginin ilk təqdimatı ilin əvvəlində Londonda - dünyanın ən böyük art
auksionu sayılan Phillips de Pury and Company qalereyasında olub.
Müxtəlif beynəlxalq sərgilərin təşkilatçısı kimi tanınan Nerve
Mikaeloffun kuratorluq etdiyi növbəti sərgi Parisdə - Salomon de Rotşild
malikanəsində keçiriləcək.
“Bakiya uçuş” sərgisi qədim və ənənələrlə zəngin Azərbaycanın müasir
incəsənətini əhatə edən maraqlı konsepsiya əsasında hazırlanıb. Bakının
özünəxas simasını və sürətlə inkişaf edən müasir Azərbaycanı təqdim
etmək üçün müxtəlif nəsildən olan yaradıcı insanların - Ağa Hüseynov,
Aida Mahmudova, Əli Həsənov, Altay Sadıxzadə, Elyar Əlimirzəyev, Ənvər
Əsgərov, Faiq Əhməd, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, Hüseyn Haqverdi,
İrina Eldarova, Leyla Əliyeva, Məmməd Mustafayev, Məlik Ağamalov,
Mirnadir Zeynalov, Niyaz Nəcəfov, Orxan Hüseynov, Rəşad Ələkbərov, Rəşad
Babayev, Sənan Ələsgərov və Törə Ağabəyovanın əsərləri seçilib.
Təqdim olunan rəssamlıq, qrafika, heykəltəraşlıq, installasiya,
video-art, foto performanslarının müəllifləri əsərlərində Azərbaycanın
müasir viziual incəsənətinin dərin qatlarını və müxtəlifliyini açmaqla
yanaşı, çoxşaxəli mədəni məkanda öz parlaqlığını qorumaq imkanını da
nümayiş etdirir.
APA