Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “İş yerindən arayış” adlı yeni elektron xidməti istifadəyə verdi.
Bu barədə çərşənbə axşamı keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib.
İ.İsayevin sözlərinə görə, nazirliyin fəaliyyət sahələrində informasiya texnologiyalarının tətbiqi prosesi genişlənir.
“Bu proses eyni zamanda vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması, nazirlik tərəfindən göstərilən elektron xidmətlərin sayının artması ilə müşaiyət olunur”.
Onun sözlərinə görə, artıq vətəndaşlar işəgötürənə müraciət etmədən, buna vaxt və vəsait sərf etmədən (nəqliyyat xərci) iş yerindən arayış əldə edə biləcəklər:
“Belə ki, müxtəlif təşkilatlar (dövlət və özəl qurumlar, banklar, məktəblər, bağçalar, səfirliklər və s.) tərəfindən vətəndaşlardan onların iş yerlərinə və əmək haqlarına dair arayışlar istənildiyi hallarda, onlar “İş yerindən arayış” adlı elektron xidməti vasitəsilə onlayn formada bunu əldə edə bilərlər”.
İ.İsayev artıq yeni xidmətin “Elektron Hökumət” portalında (www.e-gov.az) yerləşdirildiyini, eyni zamanda nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində eyni adlı bölməyə daxil olmaqla “Elektron Hökumət” portalındakı həmin xidmətə keçidin mümkün olduğunu bildirib.
Oxu.az