Dünən xalq şairi Məmməd Arazın vəfatının 10-cu ildönümü qeyd edilib.
Bu münasibətlə şairin doğulduğu Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nursu kəndində ev-muzeyinin açılış mərasimi keçirilib.
Azərbaycan və dünya ədəbiyyatına töhfələr vermiş böyük şairin adını daşıyan muzeyin açılış mərasimində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov da iştirak edib.
Ev-muzeyinin özəlliyi odur ki, muzeydən Naxçıvan MR-ın bütün məktəblərinə eyni vaxtda interaktiv yolla Məmməd Arazla bağlı dərslər keçiriləcək.
Yüksək səviyyədə təşkil olunmuş açılış mərasimində şairin həyat yoldaşı Gülxanım Fətəliqızı, qızı Şəlalə, nəvələrindən Tuncay və digər ailə üzvləri də iştirak ediblər.
Qeyd ki, 1933-cü il oktyabrın 14-də Naxçıvanın Şahbuz rayonunun Nursu kəndində anadan olmuş şair, tərcüməçi, publisist Azərbaycan ədəbi sahəsindəki xidmətlərinə görə Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi adlarına, Hacı Zeynalabdin Tağıyev adına milli mükafata və "İstiqlal” ordeninə layiq görülüb. 1993-cü ildən isə Xalq şairinin şərəfinə "Məmməd Araz” mükafatı təsis olunub.
Xalq şairi 2004-cü ildə Bakıda vəfat edib.
Gün.Az