Dekabrın 24-də Heydər Əliyev Sarayında “Bakı gecələri-2014” estrada mahnı festivalının qala-konserti keçiriləcək.
Konsert Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.
“Bakı Gecələri” estrada mahnı festivalının keçirilməsində məqsəd Azərbaycanın beynəlxalq müsabiqələrdə yüksək səviyyədə təmsil olunması, mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, estrada ifaçılarının bədii-peşəkar hazırlıqlarının təkmilləşdirilməsi və estrada mahnı janrının inkişafıdır.
Festivalın qala–konsertində 2013-2014-cü illər ərzində yazılmış, dinləyicilər tərəfindən sevilərək hitə çevrilmiş və Festivalın Təşkilat Komitəsi tərəfindən seçilərək proqrama daxil edilmiş 25 mahnı səslənəcək.
Festival 2 ildə bir dəfə keçirilir.
AzərTAc