Dekabrın 5-də Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinorejissoru, Kamil Rüstəmbəyovun 90 illik yubileyi qeyd ediləcək.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçiriləcək.
Dövlət Film Fondundan AzərTAc-a bildirilib ki, tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinləniləcək.
Qeyd edək ki, Azərbaycanın görkəmli kino və televiziya rejissoru Kamil Rüstəmbəyov milli kino və televiziya tarixində özünəməxsus yeri olan sənətkarlarımızdandır. 1960-cı ildə milli televiziyanın tarixində ilk dəfə olaraq şair Səməd Vurğunun “Aygün” poeması üzrə eyniadlı tammetrajlı bədii film yaradıldı. Bu televiziya film-poemanın quruluşçu rejissoru Kamil Rüstəmbəyov idi. Bundan sonra o, telestudiyada “Zəncirlənmiş adam” bədii televiziya və bir sıra sənədli televiziya filmləri, film-konsertlər çəkmişdir.
Azərbaycan televiziyasının ilk yaradıcılarından biri kimi K.Rüstəmbəyovun adı televiziya tarixinə düşmüşdür. 1966-cı ildə K.Rüstəmbəyov C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına işə dəvət olunmuş, burada o, “Dağlarda döyüş”, “Axırıncı aşırım”, “Dərviş Parisi partladır” (Ş.Mahmudbəyovla birgə), “Gözlə məni” bədii filmlərinə, “Mahnı qanadlarında” film-konsertinə quruluş vermişdir. Bütün bu filmlər ümumittifaq ekranında göstərilmək üçün qəbul olunmuşdur.
Kinorejissor K.Rüstəmbəyov 1991-ci ildə vəfat edib.
AzərTAc