İlham Əliyev “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub - FOTOLAR
3.12.2014

Prezident İlham Əliyev dekabrın 2-də Baku Expo Mərkəzində “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən builki yubiley sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir. Onların arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribüterləri var. Sərgidə telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və yayım texnologiyaları, proqram təminatı və sistemin avtomatlaşdırılması, İT və ofis texnologiyaları, yüksək texnologiyalar, habelə texnoloji yeniliklər və bir sıra digər məhsullar da nümayiş etdirilir.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Prezident İlham Əliyevə məlumat verdi ki, artıq ikinci ildir sərgidə Azərbaycan milli pavilyonu yaradılır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin son illərdə həyata keçirdiyi işlər, habelə İKT sənayesinin inkişafı üzrə gələcək planlar barədə dolğun məlumat verən Azərbaycan milli pavilyonu ziyarətçilərin böyük marağına səbəb olur.

Qeyd edək ki, builki sərgi və konfransın proqramı həm də əvvəlkilərdən daha geniş və zəngindir. Gündəliyə “Əşyaların interneti”, “Elektron hökumət” üzrə beynəlxalq konfransların və digər tədbirlərin daxil edilməsi İKT-yə dair yeni nailiyyət və təşəbbüslərin işgüzar dairələrə çatdırılması, gələcək inkişaf prioritetlərinin müəyyən edilməsi, qarşılıqlı faydalı əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi üçün hərtərəfli imkanlar açacaq.

president.az