Onlar küçələri süpürüb qızıl yığırlar - FOTOLAR
3.12.2014

12 yaşlı Məhəmməd Sallu hər səhər dan yeri sökülməmiş yuxudan oyanır. Xəkəndaz, süpürgə və böyük fırçanı götürərək zərgər dükanları ilə emalatxanalarının yerləşdiyi məhəlləyə yollanır. O, küçələri süpürməyə, zərgər dükanlarının qarşısındakı zibil qutularına atılmış zibilləri eşələməyə başlayır.

Balaca Məhəmməd küçələrdəki tozu, lili və lehməni süpürüb yığır, arxlardan axan çirkab sularını süzür.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Məhəmməd süpürcəçi deyil. O, zir-zibil, çirkab və palçıq arasında qızıl toz hissəciklərini yığır, sonra onları yenidən zərgərlərə sataraq çörəkpulu qazanmağa çalışır.

Hindistanın Kəlküttə şəhərindəki zərgər məhəllələrində küçələri təmizləyən Məhəmməd kimilərinə "nevaras" deyirlər. Onlar çirkab və tozun içində qızıl arayırlar.

Çox çətin, çirkli, əzablı işlərinə rəğmən, "nevaras"lar peşələrini atmaq niyyətində deyillər. Bəzi ailələrdə artıq 12 nəsil bu işlə məşğul olur.
"9 yaşım olanda küçələri təmizləyərək qızıl aramağa başlamışam. İndi bu işdən yaxşı başım çıxır. Yığdığım qızıl dənəciklərini zərgərlərə satıram, onlar da mənə yaxşı pul verirlər", - Məhəmməd Sallu söyləyib.

Kəlkuttədə təxminən 200 "nevaras" var. Onların gündəlik gəlirləri təxminən 2 min rupi, yəni 3,5 dollardır.
23 yaşlı Kumar Sanni 5 bacı və qardaşını, dul anasını dolandırmaq üçün "nevaras"lıq edir.

"Atam və babam da bu işlə məşğul olublar. 8 yaşım olanda atam öldü və ailəni dolandırmaq üçün qızıl aramağa başladım. İşimiz dan yeri sökülən kimi başlanır. Küçələri süpürür, zibili yığırıq və turşu ilə yuyur, qızılı çirkdən ayırmağa çalışırıq", - Kumar Sanni söyləyib.



Milli.az