Fəvvarələr meydanında yeni il yolkasının quraşdırılması işləri sona çatmaq üzrədir.
İlin sonuncu ayının hər günü bizi yeni ilə yaxınlaşdırır.
Bizi, ilk növbədə, uşaqları sevindirmək üçün paytaxtımızda bayram hazırlıqları görülür.
Əksər parklarda yeni il yolkalarının quraşdırılması və nağıl qəhrəmanları ilə bəzəmək nəzərdə tutulub. Böyüklər üçün də bu bayram əzizdir. Onlara uşaqlıq illərini xatırladır.
Ənənəvi olaraq yeni il yolkası Fəvvarələr meydanında quraşdırılır. Onun mükəmməl görüntüsü, gözəl geyimi olduqca yaraşıqlı görkəm almasına imkan yaradır və uşaqların zövqünü oxşayır.
Quraşdırma işlərinin getməsinə baxmayaraq, yaxınlıqdan keçən insanlar yolka qabağında şəkil çəkdirməyə can atırlar.
Yolkanı quraşdıranlar bildiriblər ki, Fəvvarələr meydanında quraşdırılan yolkanın hündürlüyü 22 metrdir: “Aparılan işləri tez bitirmək üçün gecə də işləməyə hazırıq. Yaxın günlərdə yolka tam təhvil veriləcək. Burada, yolka ətrafında cürbəcür oyuncaqların, qış rəmzi olan əşyaların satışı üçün yeni il bazarı yaradılacaq. Həmçinin konsert və tamaşa üçün səhnə quraşdırılıb”.
Onların sözlərinə görə, bunların çoxu - yeni il yarmarkası, konsert və tamaşa üçün səhnə ötən il olmayıb. Yeni ildə səyyar restoran da fəaliyyət göstərəcək. Bu da gəzinti zamanı uşaqların və valideynlərin yeməklə təminatına imkan verəcək.
Güman etmək olar ki, Şaxta baba və Qar qızı uşaqlarla bərabər Fəvvarələr meydanına gəldikdə yeni il yolkasının ətrafındakı nağıl qəhrəmanlarından və qışı təmsil edən atributlardan razı qalacaqlar. Bir sözlə, uşaqlar şəkil çəkdirib özlərini nağıllar dünyasında hiss edəcəklər.
Oxu.az