Azərbaycan milli geyimləri rəssamların gözü ilə - FOTOLAR
4.12.2014

Dekabrın 3-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan milli geyimləri rəssamların gözü ilə” mövzusunda Respublika sərgisi açılıb.

Açılış mərasimində çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov sərginin əhəmiyyətindən danışıb.

Mərasimdə çıxış edən Azərbaycanın tanınmış modelyeri Fəxriyyə Xələfova sərginin təşkilini yüksək qiymətləndirib. O, burada nümayiş olunan işlərin yüksək mənəvi zövq aşılamaqla yanaşı, həm də keçmişimizə bir baxış olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycanın milli geyimləri çox zəngin, nadir, eyni zamanda, elmi mənbədir. Bu sərgi gənc mütəxəssislərin müvafiq mövzuya daha çox maraq göstərmələrinə təkan verəcək. Milli geyimlərimiz müasir dövrümüzə gəlib çatdığı kimi, gələcək nəsillərə də ötürülməli, proses davamlı olmalı və yeni kolleksiyalar yaradılmalıdır.

Gənclərə bu mövzuya diqqətlə yanaşmağı tövsiyə edən F.Xələfova vurğulayıb ki, Azərbaycan kəlağayı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi çox mühüm hadisədir. Bu, milli geyimimizə xas olan hər atributun öz böyük mənası və dəyəri olduğunu bir daha təsdiqləyir. Bu gün baxdığımız milli geyimlərimiz XIX əsrə və XX yüzilliyin əvvəllərinə aid olub, o dövrün son modelidir. Lakin axtarışların, zövqün, bacarığın nəticəsi olaraq yeni detallar tapmaq mümkündür. Nümayiş olunan hər işin arxasında yaradıcı insan və onun zəhmətinin dayandığını deyən F.Xələfova sərginin iştirakçılarına uğurlar arzulayıb.

Tədbirdə çıxış edən professorlar Kübra Əliyeva, Səbirə Dünyamalıyeva, modelyer, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, Azərbaycan Ağsaqqallar Şurası idarə heyətinin üzvü Cahangir Qocayev sərginin milli mədəniyyətimizin nümunələrinin nümayişi baxımından əhəmiyyətini xüsusilə qeyd ediblər.

Təklif edilib ki, gələcəkdə Azərbaycan milli geyimlərinin bədii dekorativ xüsusiyyətlərinin standartlarının öyrənilməsi üçün treninqlərin təşkili təqdirəlayiq olar. Bildirilib ki, dilimizə toxunmağın mümkün olmadığı kimi, tarixi geyimlərimizə xələl gətirmək də çox təhlükəlidir. Bu sahənin mütəxəssisləri diqqətlə araşdırmalar aparmalıdırlar. Xüsusən ornamentlərdən istifadə ediləndə onların hər birinin ifadə etdiyi mənaya fikir vermək lazımdır.

Sərginin bütün iştirakçılarına fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə həvəskar rəssamlar və modelyerlərin milli geyimləri nümayiş etdirilir. Burada 20 müəllifin 125-dən çox milli geyimi sərgilənir.

Sərgi 3 gün davam edəcək.

AzərTAc