“Azərsu” abunəçiləri diqqətli olmağa çağırır
4.12.2014

Son günlər ölkə ərazisində hava şəraitinin qeyri-sabit və şaxtalı keçməsi mənzillərdə içməli sudan istifadə, su təchizatı sistemlərinin və cihazların mühafizəsi məsələsini yenidən gündəmə gətirib.
Bu barədə “Azərsu” ASC-nin istehlakçılara müraciətində qeyd olunub.

Müraciətdə deyilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiqlənmiş “Sudan istifadə” Qaydalarının 6.4-cü bəndinə əsasən mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların (sayğacların) işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına istehlakçı cavabdehlik daşıyır.

Yəni, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılımış sayğaclar istənilən kənar müdaxilə nəticəsində zədələnərək sıradan çıxarsa (sayğacların sındırılması, şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxması və s.) onların yenilərilə əvəzlənməsi abunəçilərin vəsaiti hesabına həyata keçiriləcək.

“Azərsu” ASC abunəçilərdən xahiş edir ki, qış aylarında, xüsusən şaxtalı günlərdə sayğacların donvurmadan qorunması üçün lazımi tədbirlər görsünlər.

Gün.Az