Emin: “Bakıda çox sevildiyim üçün xoşbəxtəm” - Video
4.12.2014

Bu gün Emin Ağalarovun “Baku Crystal Hall”da çoxdandır gözlənilən “Emin və dostları” adlı yubiley konserti keçiriləcək.
Müğənni təqdim edəcəyi eksklüziv konsert proqramında yeni mahnıları ilə yanaşı, duetlərini də təqdim edəcək. Konsert proqramında Eminin həmkar dostları Ani Lorak, Stas Piyexa, Qriqori Leps, İrina Dupsova, İqor Krutoy, Svetlana Loboda və Avstriyanın istedadlı musiqiçisi Çarli Uilyams da səhnəyə çıxacaq.

Ötən gün ifaçı konsert öncəsi pərəstişkarlarına sürpriz edib. Onlarla “28 Mall” alış-veriş mərkəzində görüşərək, fotosessiya etdirib, avtoqraf verib. İfaçı hər bir pərəstişkarına ayrı-ayrılıqda diqqət göstərib.

Tədbirdə kiçik konsert verən müğənni, həmçinin “Bumeranq” adlı yeni trekini də təqdim edib. Emin daha sonra isə jurnalistlərlə kiçik görüş keçirib.

“Konsertimdə rusiyalı həmkarlarımla duetlərim olacaq. Stas Piyexa ilə “Берега”, Ani Lorakla “Зови меня” duetini ifa edəcəyəm. Hər iki mahnı bakılı tamaşaçılar üçün ilk dəfə səsləndiriləcək. Həmçinin konsertdə “Woman” adlı yeni kompozisiyam da olacaq. Bundan başqa, gələn ilin fevralından dünya turuna çıxmaq istəyirəm”.

Müğənni tədbirin sonunda “Çox xoşbəxtəm ki, Bakıda məni bu qədər adam sevir. Demək ki, bu qədər yaradıcılıq işlər görməyim əbəs deyil. Hamınızı konsertimdə gözləyirəm”.

Qeyd edək ki, Emin Ağalarov bugünkü konsertində Xalq artisti Zülfiyyə Xanbabayeva ilə dahi Müslüm Maqomayevin repertuarından oxuduğu “Baharlı Yurdum” mahnısını da ilk dəfə təqdim edəcək. Bu, mahnı Eminin Azərbaycan dilində olan ilk ifası olacaq.
Video

gun.az