Batumidə Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir
1.9.2011

Avqustun 28-də Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gürcüstanın Batumi şəhərində “Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ilində” mövzusunda konfrans keçirilmişdir.
Azərbaycanın və Gürcüstanın dövlət və hökumət rəsmilərinin, parlamentlərin deputatlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri konfransı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Nazim İbrahimov demişdir ki, bu konfrans Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilir.
Konfransın Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı iyirmi il ərzində görülmüş işlərə, əldə olunmuş nailiyyətlərə, o cümlədən Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif aspektlərinə dair məruzələri dinləməyə, Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası sahəsində görülmüş işlərə nəzər salmağa imkan verəcəyini qeyd edən Nazim İbrahimov bu müzakirələrin ölkələrimiz arasındakı strateji tərəfdaşlığın möhkəm təməllərə əsaslandığını bir daha təsdiq edəcəyinə əminliyini söyləmişdir.
Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndikdən sonra tədbir “Müstəqilliyimiz əbədidir” sənədli filminin nümayişi ilə davam etmişdir.
Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri M.Davitaya demişdir ki, onun ölkəsi hər zaman Azərbaycanın inkişafını böyük maraqla müşahidə edir. Azərbaycan ilə Gürcüstanın tarixləri hər zaman bir-birinə bağlı olmuşdur və bu, indi də davam edir.
Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze çıxışına Dünya azərbaycanlılarının III qurultayının əhəmiyyətini xatırlatmaqla başlamışdır. O demişdir ki, həmin qurultay Azərbaycanın sürətli inkişafının nümayişi idi. Bugünkü konfransı da həmin qurultayın davamı hesab etmək olar.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov konfransda “Azərbaycan Respublikasının Cənubi Qafqazın iqtisadi və siyasi inkişafında rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.
Daha sonra konfransda Milli Məclisin deputatları Qənirə Paşayeva, Musa Qasımov, ombudsman Elmira Süleymanova, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdirinin müavini Mahir Qəhrəmanov, İqtisadi İnkişaf Nazirliyinin sektor müdiri Rəşad Dayıyev çıxış etmişlər.
Konfrans öz işini avqustun 29-da “Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində” mövzusunda “dəyirmi masa” ilə davam etdirmişdir.